ABŞ hökuməti yenidən işə başladı

ABŞ hökuməti yenidən işə başladı
09:09

ABŞ Senatı oktyabrın 1-də fəaliyyətini dayandırmış hökumətin yenidən işə başlamasına imkan verəcək müvəqqəti büdcə layihəsini qəbul edib.

News365.az xəbər verir ki, hökuməti yanvar ayının sonuna qədər maliyyələşdirəcək layihə 60 lehinə, 40 əleyhinə səslə qəbul olunub.

Layihəyə bir respublikaçı senator qarşı çıxıb, səkkiz demokrat və ya müstəqil senator isə “bəli” səsi verib.

Sənəd Kənd Təsərrüfatı Nazirliyi, Veteranlar İşləri Nazirliyi və Konqresə maliyyə ili boyu, digər federal qurumlara isə 30 yanvara qədər maliyyə ayırmağı nəzərdə tutur. Layihəyə görə, hökumətin bağlanması zamanı işdən azad edilməsi planlaşdırılan 4 mindən çox federal əməkdaş işində qalacaq.

Bununla belə, demokratlar üçün əsas fikir ayrılığı yaradan səhiyyə subsidiyalarının uzadılması məsələsi layihəyə daxil edilməyib. Bu məsələ ilə bağlı səsvermənin dekabr ayında keçirilməsi planlaşdırılır.

Layihənin növbəti mərhələsi Nümayəndələr Palatasında müzakirə ediləcək. Palatada da təsdiqlənəcəyi təqdirdə sənəd imzalanmaq üçün ABŞ prezidenti Donald Trampın masasına təqdim olunacaq. Trampın layihəni imzalamasından sonra federal hökumətin yenidən fəaliyyətə başlaması gözlənilir.

Xatırladaq ki, Konqres yeni maliyyə ili başlamazdan öncə federal hökumətin maliyyələşdirilməsi ilə bağlı razılığa gələ bilmədiyi üçün hökumət 1 oktyabrda bağlanmışdı. Nəticədə bir çox federal qurumlar fəaliyyətini dayandırmış, bu da ABŞ tarixində ən uzunmüddətli hökumət bağlanmasına səbəb olmuşdu.

Demokrat və respublikaçı senatorlar bağlanmanın 40-cı günündə müvəqqəti büdcə layihəsi üzərində razılıq əldə ediblər. Demokratların səhiyyə subsidiyalarının davam etdirilməsi tələbindən imtina etməsi hökumətin yenidən açılması prosesinin qarşısındakı əsas maneəni aradan qaldırıb.


Sizin reklam burada
Sizin reklam burada