Los-Ancelesdəki kütləvi etirazlar ABŞ-nin daxili problemidir, onların heç bir şəkildə “Pekin məsələsi” və ya “Kremlin əli” ilə əlaqəsi yoxdur. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sputnik radiosunun efirində bildirib.
Zaxarova ABŞ prezidentİ Donald Trampın ölkəsinin dərin böhran içində olduğu barədə bəyanatını xatırladıb.
"Bu, dərin tarixçədir. Onlarda gah seçkilər olur, gah qəbul edilmir. İnsanlar bir-birinə nifrət edirlər. Bu, hansısa seqment deyil, bunlar hər zaman istinad etdikləri bəzi emissarlar da deyillər. Bu, Kremlin əli və ya Pekinin işi də deyil. Bu, onların daxili problemidir",- Zaxarova deyib.
Los-Ancelesdəki etirazlar iyunun 6-da başlayıb və bu günə kimi səngimir. Etiraza səbəb Paramountda (Los-Ancelesin ətrafı) miqrantlara qarşı reydlər olub. Etirazçılar “ICE, Los Angelesdən çıx!” şüarları səsləndirib, yolları bağlayıb, Meksika bayraqları ilə küçələrə çıxıblar.
ABŞ prezidenti Donald Tramp 1965-ci ildən bəri ilk dəfə yerli hakimiyyət orqanlarının tələbi olmadan şəhərə 2000 Milli Qvardiya əsgərinin yerləşdirilməsinə dair göstəriş verib. Kaliforniya rəhbərləri isə prezidentin bu qərarını pisləyiblər. Demokratları təmsil edən qubernator Qevin Nyusom Pentaqonun rəhbərinə məktub göndərərək, "ciddi eskalasiya" riski barədə xəbərdarlıq edib. O, hərbçilərin yerləşdirilməsi prosesini ləğv etməyi xahiş edib. Daha sonra qubernator Trampı məhkəməyə verəcəyini, onun “oda yağ tökdüyünü” və hərəkətlərinin konstitusiyaya zidd olduğunu bildirib.
Tural