Şimali Koreyanın Ukraynadakı münaqişəyə qarışması hərbi əməliyyatların uzanmasına şərait yaradır. Rəsmi Pxenyan bölgədə qoşun yerləşdirməyi dayandırmalı, Rusiya isə bu prosesə dəstəyi kəsməlidir. Bu barədə Cənubi Koreyanın “Yonhap” qəzetinə ABŞ Dövlət Departamentinin rəsmisi Şimali Koreya hərbçilərinin Kursk vilayətinin Ukrayna Silahlı Qüvvələrindən azad edilməsində iştirakını şərh edərkən bildirib.
O qeyd edib ki, Rusiya və Ukrayna arasında müharibənin uzanmasına töhfə verən KXDR kimi üçüncü ölkələr buna görə məsuliyyət daşıyır: "Biz KXDR-in müharibədə birbaşa iştirakından narahatıq. KXDR hərbi hissələrinin Rusiyada yerləşdirilməsi və bunun müqabilində Rusiya Federasiyasının KXDR-ə göstərdiyi istənilən dəstək dayandırılmalıdır", - departamentdən bildirilib.
Həmçinin o da əlavə olunub ki, Rusiyanın Şimali Koreya hərbçilərinə təlim keçməsi BMT Təhlükəsizlik Şurasının Pxenyandan yardımın verilməsini və ya alınmasını qadağan edən qətnamələrini pozur.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin bu gün Koreya Xalq Demokratik Respublikasına (KXDR), onun lideri Kim Çen Ina və Koreya Xalq Ordusunun bölmələrinə Kursk vilayətinin azad edilməsində göstədikləri köməyə görə minnətdarlığını bildirib.
Rəsmi Pxenyan da Rusiyanın Ukraynaya qarşı müharibəsində dəstək məqsədilə qoşun göndərdiyini ilk dəfə təsdiqləyib.
Bu barədə Şimali Koreyanın hakim Fəhlə Partiyasının Mərkəzi Hərbi Komissiyası bəyanat yayıb. Bəyanatda vurğulanır ki, lider Kim Çen In "qarşılıqlı müdafiə müqaviləsi əsasında Rusiyaya hərbi qoşun göndərmək qərarına gəlib".