Bu gün Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirir. Regionun ümumi planlaşdırılması başa çatıb. 13,6 min kvadrat kilometr ərazini əhatə edən bu plan əsasında 1,1 milyon nəfərdən çox insanın doğma şəhər və kəndlərində məskunlaşması üçün yenidənqurma işləri icra olunur. Əhalisi 300 min nəfərdən çox olan 8 şəhər və 90 kəndin baş planları artıq təsdiqlənib.
İşğaldan azad olunmuş 6 şəhər, 2 qəsəbə və 20 kəndə insanlar geri qayıdaraq məskunlaşıb. Müasir şəhərsalma prinsiplərinin tətbiqi ilə Qarabağ və Şərqi Zəngəzur regionlarının dayanıqlı infrastrukturunun qurulması, yaşayış məntəqələrinin yenidən salınması və əhalinin qayıdışı üçün zəruri şəraitin yaradılması istiqamətində sistemli və ardıcıl tədbirlər həyata keçirilir. Burada son dörd il ərzində 3 yeni beynəlxalq hava limanı, avtomobil və magistral yolları, yeni dəmir yolu infrastrukturu inşa olunub, həmçinin yaşayış evləri, səhiyyə müəssisələri, təhsil ocaqları və digər sosial infrastrukturun tikintisi davam etdirilir.
Bu fikirlər Prezident İlham Əliyevin III Azərbaycan Milli Şəhərsalma Forumu iştirakçılarına müraciətindəndir.
News365.az-ın məlumatına görə, Xankəndi şəhərində keçirilən forumda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev tərəfindən oxunan müraciətdə həmçinin bildirilib ki, bu gün “Böyük Qayıdış” Proqramı çərçivəsində artıq 60 minə yaxın insan bu ərazilərdə yaşayır, işləyir və təhsil alır.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və idarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Prezidentin müraciətini oxuduqdan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev çıxış edərək, 3-cü Azərbaycan Milli Şəhərsalma Forumunu şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığın bariz nümunəsi adlandırdı.
Komitə sədri diqqətə çatdırıb ki, şəhərsalma Azərbaycanın milli inkişaf strategiyasının əsas prioritetlərindən biridir. “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ölkəmizin strateji baxışını və icra potensialını nümayiş etdirir. Komitə sədri bildirib ki, azad olunmuş ərazilərdə müasir şəhərsalma prinsiplərinə əsaslanan “ağıllı şəhər” və “ağıllı kənd” modelləri tətbiq olunur, enerji infrastrukturu yenilənir və “yaşıl enerji” layihələri həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzurda 10 min meqavat texniki potensiala malik günəş və külək enerjisi layihələri icra olunmaqla region “yaşıl enerji zonası”na çevrilir.
Bugünkü Forum 13-cü Ümumdünya Şəhərsalma Forumuna gedən yolda mühüm mərhələdir. Burada aparılan müzakirələr gələcək nəsillər üçün daha yaşıl, inklüziv və firavan yaşayış mühitinin formalaşdırılmasına xidmət edəcək.
Forumda çıxış edən BMT-nin rəsmi nümayəndəsi Anaklaudiya Rossbax isə çıxışında vurğulayıb ki, bu tədbir Azərbaycanın davamlı, dayanıqlı və inklüziv şəhər gələcəyinin formalaşmasında liderliyinin bariz göstəricisidir.Bu forum çox mühüm bir zamanda keçirilir və Azərbaycan hökumətinin COP29-a hazırlıq çərçivəsində ortaya qoyduğu güclü öhdəliklərlə sıx şəkildə uzlaşır.