45 dəqiqə ərzində 8 nəfəri öldürdü - Dəhşətli cinayətin ŞOK TƏFƏRRÜATI

45 dəqiqə ərzində 8 nəfəri öldürdü - Dəhşətli cinayətin ŞOK TƏFƏRRÜATI
12:44

Afyonkarahisarın İhsaniye rayonunda 45 dəqiqə ərzində 8 nəfəri qətlə yetirən, 2 nəfəri yaralayan Arif Sefa Özdemirlə bağlı yeni və dəhşətli təfərrüatlar üzə çıxıb.

Üç kənddə, dörd fərqli ərazidə ov tüfəngi ilə hücumlar təşkil edən Özdemirin ilk cinayətlərdən sonra qaçmaq məqsədilə qarşısına çıxan sürücülərə hücum etdiyi və onların avtomobillərini ələ keçirdiyi müəyyənləşib.

İlk hücum 5 noyabr, saat 15:10-da Ayazini kəndində baş verib. Biçerdöver alqı-satqısı ilə bağlı borc mübahisəsi yaşayan Numan Toprak, Bekir Toprak və Ahmet Uzel ilə görüşən Özdemir aralarında yaranan mübahisədən sonra üç nəfəri başlarından güllələyərək öldürüb.

Polisə verdiyi ifadədə cinayətləri əvvəlcədən planlaşdırdığını bildirən Arif Sefa Özdemir deyib:

“Aramızda mübahisə yarandı. Bu mübahisədən sonra həmin şəxsləri öldürməyi qərara aldım”.

Şübhəli üç nəfəri əkin sahəsinə baxmaq bəhanəsi ilə kənd ərazisinə apardığını, onların avtomobillə qaçmasının qarşısını aldıqdan sonra atəş açdığını etiraf edib.

İlk hücumdan təxminən 20 dəqiqə sonra Kıyır kəndinə çatan Özdemir saat 15:30 radələrində hərəkətdə olan avtomobilin qarşısını kəsib. Maşında olan 73 yaşlı Seydi Ahmet Aydoğmuş və 68 yaşlı həyat yoldaşı Satı Aydoğmuşu başlarından güllələyərək qətlə yetirib.

Məlum olub ki, Özdemir öldürdüyü şəxslərin cəsədlərini avtomobildən çıxararaq yol kənarında yan-yana düzüb. Daha sonra onların avtomobilini ələ keçirərək ərazidən uzaqlaşıb.

Ələ keçirdiyi maşınla qaçışını davam etdirən Özdemir təxminən bir kilometr irəlidə heyvan alqı-satqısı ilə məşğul olan İsmail Şenlə qarşılaşıb. Şenin əlindəki tüfəngi görərək polisə zəng edəcəyini bildirməsi şübhəlinin növbəti hücumuna səbəb olub. Özdemir atəş açaraq onu da öldürüb.

Arif Sefa Özdemir ifadəsində qaçış zamanı avtomobilini dəyişmək məqsədilə bu hücumları həyata keçirdiyini bildirib.

Saat 15:47-də Yukarıtandır kəndi yaxınlığına çatan Arif Sefa Özdemir içərisində üç qadının olduğu avtomobili saxladıb. Qadınlardan biri maşından düşsə də, digər iki nəfər avtomobildə qalıb.

Müəllimlərə avtomobildən düşmələri üçün vaxt verdiyini söyləyən şübhəli hadisəni belə təsvir edib:

“Əvvəl 10-dan geriyə, sonra isə 5-dən geriyə saydım. Onların avtomobildən düşmədiyini və telefonu yerə qoymadığını görəndə hər ikisini ayrı-ayrılıqda nişan alaraq atəş açdım və öldürdüm”.

Hücum nəticəsində müəllim Hilal Mete hadisə yerində həyatını itirib. Digər zərərçəkmiş Ayşe Sena Demir isə xəstəxanaya çatdırılsa da, həkimlərin müdaxiləsinə baxmayaraq, dünyasını dəyişib.

Beləliklə, Afyonkarahisarda üç ayrı kənddə, dörd fərqli nöqtədə hücumlar təşkil edən Arif Sefa Özdemir təxminən 45 dəqiqə ərzində 8 nəfəri qətlə yetirib. Qaçışı zamanı Afyonkarahisar şəhər mərkəzində uşaqlarını məktəbdən götürməyə gedən, üç uşaq anası Sevgi Postalcını da başından güllələyərək ağır yaralayıb.

Qətllərdən sonra Eskişehirin Seyitqazi rayonuna qaçan Özdemir orada da avtomobil ələ keçirərək izini itirməyə çalışıb. Polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılan şübhəli məhkəmənin qərarı ilə bir neçə nəfəri qəsdən öldürməkdə ittiham olunaraq həbs edilib.


Sizin reklam burada
Sizin reklam burada