Böyük Britaniya hökuməti ölkələrinə geri qaytarılmalı olan miqrantların qəbulundan imtina edən dövlətlərə qarşı təzyiqləri artırır. London Eritreya hökumətini əməkdaşlığa razı salmaq üçün bu ölkənin bütün vətəndaşlarına giriş qadağası tətbiq etməklə hədələyib.
News365.az xəbər verir ki, Böyük Britaniyanın daxili işlər naziri Şabana Mahmud Eritreya hökuməti qanunsuz yollarla ölkəyə gələn miqrantların və xarici ölkə vətəndaşı olan cinayətkarların geri qəbuluna razılıq verməsə, belə bir addımın atıla biləcəyini bildirib.
BBC-nin məlumatına görə, oktyabrın 15-dən etibarən Eritreyanın diplomatlarına Londondan kənara hərəkətlə bağlı məhdudiyyətlər tətbiq ediləcək. Bundan başqa, yüksək vəzifəli şəxslər üçün sürətləndirilmiş viza proseduru dayandırılacaq.
Yeni qaydalara əsasən, Eritreya diplomatları xüsusi icazə olmadan London ətrafında 60 kilometrdən artıq məsafəyə gedə bilməyəcəklər. Britaniya Daxili İşlər Nazirliyi bu tədbirlərin Eritreyada Britaniya rəsmilərinə tətbiq edilən oxşar məhdudiyyətlərə uyğun olduğunu açıqlayıb.
Şabana Mahmud bildirib ki, Eritreya hökumətinə öz vətəndaşlarının geri qaytarılması məsələsində əməkdaşlıq etmək üçün kifayət qədər imkan yaradılıb, lakin ölkə hakimiyyəti bundan imtina edib.
“Eritreya cinayətkarların və Böyük Britaniyada qalmaq hüququ olmayan şəxslərin geri qaytarılmasını qəbul etmək üçün hər cür imkana malik olub. Lakin digər ölkələrdən fərqli olaraq, əməkdaşlıq etməkdən imtina edib”, – deyə nazir vurğulayıb.
O, əməkdaşlıqdan yayınan digər dövlətlərə qarşı da əlavə tədbirlər görməkdən çəkinməyəcəyini bildirib.
Britaniya hökumətinin məlumatına görə, Eritreya hakimiyyəti bu ilin əvvəlində miqrantların geri qaytarılması ilə bağlı əməkdaşlığı qəfil dayandırıb.
Məhdudiyyətlər nə dərəcədə təsirli olacaq?
Bununla belə, Oksford Universitetinin Miqrasiya Rəsədxanasının direktoru Madlen Sumpşn hesab edir ki, Eritreyaya qarşı bu addımların təsiri məhdud ola bilər.
Onun sözlərinə görə, Eritreya Böyük Britaniyadan sığınacaq istəyənlərin əsas gəldiyi ölkələrdən biridir. Son statistik məlumatların əhatə etdiyi bir il ərzində Eritreya vətəndaşları tərəfindən təxminən 7 min sığınacaq müraciəti edilib. Bu, bütün müraciətlərin təxminən 8 faizini təşkil edir.
Ekspert qeyd edib ki, Böyük Britaniyaya gələn Eritreya vətəndaşlarının əksəriyyətinin ölkədən çıxarılması mümkün deyil. İlkin qərar mərhələsində onların 84 faizinin sığınacaq müraciəti müsbət nəticələnib. Apellyasiya şikayətlərindən sonra bu göstəricinin daha da arta biləcəyi bildirilir.
Sumpşn əlavə edib ki, ilkin mərhələdə təxminən 1400 nəfərin sığınacaq müraciəti rədd edilib. Lakin apellyasiya prosesləri nəticəsində bu rəqəm azala bilər.
Eritreyadan olan bir çox gənc uzunmüddətli hərbi xidmətə cəlb edilməmək üçün ölkəni tərk etməyə çalışır. Birpartiyalı idarəetmə sistemi ilə idarə olunan Eritreya 1993-cü ildə Efiopiyadan müstəqillik qazandıqdan sonra indiyədək seçki keçirməyib. Ölkədə müstəqil media fəaliyyət göstərmir, prezident İsaias Afverkini tənqid edən şəxslər isə tez-tez məhkəməsiz həbs və uzunmüddətli saxlanılma ilə üzləşirlər.
Britaniya hökumətinin yeni tədbirlərinin Eritreya hakimiyyətini miqrantların geri qəbuluna razı salıb-salmayacağı hələlik məlum deyil.