Bakının Nizami rayonu, 201 saylı tam orta məktəbdə qalmaqallı hadisə yaşanır. Sosial şəbəkələrdə yayılan və məktəbin direktoru Afaq Əliyeva ilə dil-ədəbiyyat müəllimi Lalə Şəfəqətovaya məxsus olduğu iddia edilən səs yazısı ictimai müzakirələrə səbəb olub. İddialara görə, bu yazılar illərdir məktəbin rəhbərliyi daxilində davam edən mübahisənin tərkib hissəsidir.
News365.az xəbər verir ki, keçmiş direktor müavini, hazırda isə direktor səlahiyyətlərini icra edən Afaq Əliyeva ilə bağlı narazılıqlar getdikcə artır. Müəllim Lalə Şəfəqətova səs yazılarını paylaşmaqda məqsədinin, direktorun onu üç il əvvəl işdən çıxarılan Svetlana Hüseynovaya qarşı çıxmağa məcbur etməsi olduğunu deyir. O bildirir ki, rəhbərlik tərəfindən təzyiqlərə məruz qalıb və bu səbəbdən məsələni ictimailəşdirib.
Svetlana Hüseynova isə iddia edir ki, direktor müavini işlədiyi dönəmdə məktəbin inventarında 70 min manatlıq çatışmazlıq aşkar edib. Hüquq-mühafizə orqanlarına müraciət etmək istəyi isə nəticədə onun işdən çıxarılması ilə nəticələnib. Keçmiş müavin bu çatışmazlığın 2017–2022-ci illəri əhatə etdiyini bildirir.
İşdən çıxarıldıqdan sonra hər iki tərəf məhkəməyə müraciət edib. 40 illik pedaqoji təcrübəyə malik olan Svetlana Hüseynova yenidən işinə bərpa olunacağı günü gözlədiyini bildirir.
Yayılan səs yazıları və irəli sürülən ittihamlarla bağlı 201 saylı məktəbin direktoru Afaq Əliyevanın mövqeyini öyrənmək istəsək də, məktəbin qapıları bizə açılmadı.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi isə məsələ ilə bağlı Space Xəbərə açıqlama verib. Bildirilib ki, yayılan səs yazısı ilə bağlı araşdırmalar davam etdirilir və nəticələr barədə ictimaiyyətə əlavə məlumat veriləcək. İdarə həmçinin vurğulayıb ki, məktəbin və müəllimlərin fəaliyyətində qanunvericiliyə uyğun olmayan hallara qarşı müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır.