"Zəngəzur dəhlizi qlobal güclərin maraq dairəsindədir" - Millət vəkili

"Zəngəzur dəhlizi  qlobal güclərin maraq dairəsindədir" - Millət vəkili
24 İyl 2025 16:58

“Regionumuzun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün Zəngəzur dəhlizinin açılması həyati əhəmiyyət kəsb edir. Bu dəhliz təkcə Azərbaycanın deyil, bütövlükdə regionun gələcək təhlükəsizliyi, iqtisadi inteqrasiya və geosiyasi balansı baxımından son dərəcə əhəmiyyətli bir layihədir. Ötən ay baş verən İsrail-İran qarşıdurması bir daha sübut etdi ki, dayanıqlı sülhə və alternativ marşurutlara hər zaman olduğu kimi bu gün də böyük ehtiyac var”.

Bunu News365.az- a müsahibəsində Millət vəkili Samir Vəliyev deyib. O bildirib ki, Zəngəzur dəhlizinin açılması Ermənistanın öhdəliyi olsa da rəsmi İrəvan bu öhdəliyə əməl etmir:

“Bu məsələ hələ 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli Bəyanatda öz əksini tapıb. Tərəflər arasında aparılan danışıqlarda kommunikasiyaların açılması hər zaman müzakirə mövzusudur. Dövlətimizin mövqeyi bundan ibarətdir ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəliş təmin olunmalıdır”.

Müsahibimiz bu yaxınlarda ABŞ-ın Türkiyədəki səfirinin Birləşmiş Ştatların Zəngəzur dəhlizinin idarəçiliyini öz üzərinə götürmək üçün tərəflərə təklif veməsi fikrinə də münasibət bildirib:

“Bu bəyanatdan sonra Ermənistan mediası Paşinyan hakimiyyətinin ABŞ-ın təklifini qəbul etməsi və hətta gizli saziş imzalanması barədə məlumatlar yaydı. Lakin Ermənistan höküməti yayılan bu məlumatı təkzib edərək hər hansı bir sazişin imzalanmadığını vurğulayıb.

Əslində Zəngəzur dəhlizi ilə bağlı bu cür təkliflərin səslənməsi dəhlizin qlobal səviyyədə nə qədər vacib və strateji olduğunun göstəricisidir. Zəngəzur dəhlizi bu gün qlobal güc mərkəzlərinin diqqətindədir. Çünki bu dəhliz logistika xətlərinin əsas halqasına çevrilmək potensialına malikdir.Dünyada baş verən toqquşmalar enerji və ticarət yollarının təhlükəsizliyinin təmin olunması baxımından bu dəhlizin alternativinin olmadığını göstərir. Dəhlizin reallaşması regionda bir tərəfdən gərginliyin azalmasına, digər tərəfdən dövlətlərarası münasibətlərin tənzimlənməsinə, formalaşmasına və sülhə xidmət edən yeni bir əməkdaşlıq platformasıdır”.

Millət vəkili hesab edir ki, Zəngəzur dəhlizinin açılması həm Azərbaycanın əsas  hissəsi ilə Naxçıvan bölgəsi arasında quru yol bağlantısının bərpası, eləcə də Türk dünyasının fiziki inteqrasiyası baxımından mühüm bir addımdır:

“Bu dəhliz eyni zamanda Avropa ilə Asiya arasında birləşmə rolunu oynayacaq. Və sabit marşurut rolunda çıxış edəcək. Dövlətimizin Zəngəzur dəhlizi ilə bağlı mövqeyi tam məlumdur. Bu da ondan ibarətdir ki, Naxçıvanla maneəsiz gediş-gəliş təmin olunmalıdır. Prezident İlham Əliyev iyulun 19-da Şuşada keçirilən Qlobal Media Forumunda ABŞ-nin Zəngəzur dəhlizi ilə bağlı təklifinə münasibət bildirdi. Və qeyd etdi ki, bizim ərazidə heç bir operator, heç bir ticarətçi, heç bir icarədar ola bilməz. Dövlətimizin başçısı bir daha bəyan etdi ki. Bizim üçün əsas olan odur ki. Azərbaycandan Azərbaycana maneəsiz keçid təmin olunsun. Bizim vətəndaşlar hər dəfə orada erməni sifətini görməli deyil. Cənab Prezident bu fikirləri ilə dövlətimizin mövqeyini ifadə etdi. Bu da təbii ki, legitim və ədalətli tələbdir”.

News365.az

 


Sizin reklam burada
Sizin reklam burada