Bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev Çinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lu Meyin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
News365.az xəbər verir ki, görüş zamanı Azərbaycan və Çin arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərə toxunulub, xüsusilə icbari tibbi sığorta sahəsində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Zaur Əliyev ölkəmizdə icbari tibbi sığortanın tətbiqi, əhalinin tibbi xidmətlərə əlçatanlığının genişləndirilməsi, eləcə də Agentliyin prioritet istiqamətləri barədə ətraflı məlumat verib. Bundan əlavə, Çinin COVID-19 pandemiyası dövründə Azərbaycana tibbi ekspert qrupu və peyvənd dəstəyi göstərdiyini bildirib.
Öz növbəsində Lu Mey məlumat verib ki, Çinin səhiyyə sistemində əldə olunan rəqəmsallaşma təcrübəsi, tibbi sığortanın idarə olunması üzrə yanaşmalar və tibb müəssisələrinin maliyyələşmə modelləri sahəsində Azərbaycanla bilik və təcrübə mübadiləsində maraqlıdır. Səfir, həmçinin vurğulayıb ki, Çin Milli Tibbi Sığorta İdarəsinin fəaliyyəti Azərbaycanın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin funksiyaları ilə bir çox baxımdan oxşarlıq təşkil edir. Bu sahədə daha ətraflı məlumat əldə etmək üçün Azərbaycan nümayəndə heyətinin Çinə səfərinin məqsədəuyğun olduğunu bildirib.
Tərəflər Agentlik ilə Çin Milli Tibbi Sığorta İdarəsi arasında əlaqələrin qurulması, tibb heyətinin bilik və bacarıqlarının artırılması məqsədilə birgə təlim proqramlarının təşkili, Çin tərəfindən təqdim edilən texniki yardım proqramları çərçivəsində əməkdaşlıq imkanlarının araşdırılması istiqamətində müzakirələr aparıblar.
Görüş səmimi və qarşılıqlı anlaşma şəraitində keçib. Hər iki tərəf əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsinin vacibliyini vurğulayıb.