Rusiyanın Yekaterinburq şəhərində beş azərbaycanlının – Hüseyn, Ziyəddin, Ayaz, Məzahir və Kamal Səfərovun OMON əməkdaşları tərəfindən amansızcasına qətlə yetirilməsi ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Hadisəyə münasibət bildirən Milli Məclisin deputatı, Azərbaycan–Rusiya Parlamentlərarası işçi qrupunun üzvü Elçin Mirzəbəyli News365.az-a açıqlamasında baş verənləri “insan hüquqlarının kobud şəkildə pozulması” kimi qiymətləndirib.
“Təəssüf doğuran bu hadisə təkcə kriminal xarakter daşımır. Burada hüquqi deyil, ideoloji zorakılıq elementləri də açıq-aydın görünür. Mülki şəxslərin bu şəkildə qətlə yetirilməsi insanlığa qarşı vəhşilikdir. İstintaq, ədalətli hüquqi prosedurlar, qanunun aliliyi bu davranışlarda yer almır,” – deyə deputat bildirib.
Elçin Mirzəbəyli qeyd edib ki, bu hadisə Rusiyada hüquq-mühafizə orqanlarında formalaşmış ultramillətçi meyillərin nəticəsidir:
“Bu, təkcə azərbaycanlılara qarşı deyil, ümumən Rusiyada yaşayan digər xalqlara, xüsusən də miqrantlara qarşı tətbiq edilən sistematik zorakılığın nümunəsidir. Rusiya rəsmən Avrasiya inteqrasiyasından danışır, amma yerli səviyyədə diskriminasiya və təzyiq siyasəti aparır.”
Deputat həmçinin bəzi Rusiya ictimai-siyasi fiqurlarının, xüsusilə də jurnalist Vladimir Solovyovun çıxışlarına toxunub:
“Solovyov kimi şəxslər açıq şəkildə ermənipərəst ritorika ilə çıxış edir, separatizmi təşviq edir, Azərbaycan əleyhinə təxribat xarakterli fikirlər səsləndirir. Bu isə göstərir ki, bəzi mərkəzlərdə Azərbaycana qarşı qərəzli yanaşma davam etdirilir.”
Elçin Mirzəbəyli baş verənlərin hüquqi müstəvidə ciddi şəkildə araşdırılmasının vacibliyini vurğulayıb:
“Cinayətkarlar cəzalandırılmalı, məsələ beynəlxalq müstəvidə də diqqətdə saxlanmalıdır. Əks halda bu, gələcəkdə daha böyük fəsadlara yol aça bilər.”