“Elə bir vəziyyətdir ki, deməyə də söz tapmıram. Heç bir xəstəliyi olmayan balamı itirmişəm. Yatıb yuxuma da girməzdi ki, belə bir hadisə ola bilər. Yaxşı ki, nəvəm var. Onu yanımızda saxlayırıq. Hər an çalışırıq onun başını qataq ki, anası üçün darıxmasın. Xalası ona çox dəstək olur, istədiyini alır. Çox ağıllı uşaqdır. Bütün gücümüzlə onu qoruyuruq. Ona başa salmışıq ki, həyatdır, hər şey ola bilər. Arabir gizlincə ağlayır, anasını yada salır”.
Bunu mərhum Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva qızı Ülviyyənin ölümündən danışarkən deyib.
O bildirib ki, yeganə arzusu nəvəsini böyütməkdir:
“Gülnara nəvə gözü ilə yox, övladım, qızım gözü ilə baxıram.
Yaşar Nuri sağ olsaydı, o da bu dağa dözməzdi. Ülviyyə onun ilk övladı idi. Qızımızı çox sevirdi. Onun işi, karyerası ilə həmişə qürurlanıb deyirdi ki, “qızıma bax”. Yəqin ki, Ülviyyə ilə Yaşarın ruhu bir-birinə qovuşdu. Onlar arasında ata-bala sevgisi var idi. Yaşar qızlarıma əsl ata idi, onlara çox bağlıydı. Uşaqlarımızı “sovetski” qaydaları ilə böyütmüşdük. Onlar bilirdilər ki, ata evə gələndə ayağa durmaq lazımdır.
![]()
Yaramız təzədir, ən həssas dövrümüzü yaşayırıq. Hələ 40 mərasimi çıxmayıb. Gözləmədiyimiz anda hər şey baş verdi. Hələ də bu itkini qəbul etmirəm.
İnsanlıq halıdır, hamının başına belə bir faciə gələ bilər. Ona görə də insanlar gərək vaxtında bir-birinin qədrini bilsinlər, bir-birinin hörmətini saxlasınlar. Satqınlıq edib, bir-birinin ayağından dartmasınlar. Axı həyat əbədi deyil”.
Qeyd edək ki, mərhum Xalq artisti Yaşar Nurinin qızı Ülviyyə Yaşarqızı noyabrın 15-də gecə saatlarında ürək çatışmazlığından dünyasını dəyişib. Y.Nuri iki qız atası idi. Ülviyyə onun böyük qızı olub. Digər qızı Ülkər müğənniliklə məşğul olur. /// musavat.com
![]()