Yalan danışan müğənnini hansı cəza gözləyir?

Yalan danışan müğənnini hansı cəza gözləyir?
15 Apr 2024 22:55

Nura Suri klipi üçün yalandan təqib olunması ilə bağlı ssenari qurmasını canlı yayımda etiraf edib. 1 həftədir ki, həm sosial şəbəkə hesablarında, həm də efirlərdə təqib olunduğunu iddia edən müğənninin bunu yeni klipinin PR-ı üçün etdiyi məlum olub. 

Bu isə cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəziləri onun bu hərəkətini tənqid edərək bunun hüquqi məsuliyyəti olduğunu iddia edib. 

Bəs görəsən, ifaçı bu addıma görə hər hansı hüquqi məsuliyyət daşıyırmı? Buna görə, N.Suri məsuliyyətə cəlb oluna bilərmi?

Məsələ ilə bağlı Yenisabah.az-a danışan vəkil Babək Həmidov bildirib ki, Nura Surinin bu hərəkəti hər hansı hüquqi məsuliyyət daşımır:

“Burada hər hansı məsuliyyətdən söhbət gedə bilməz. Məsuliyyət o zaman yaranır ki, Nura Suri təqib olunması ilə bağlı yalandan polisə məlumat versin. Əgər o bu barədə polisə məlumat versəydi, bu artıq cinayət məsuliyyəti yaradacaqdı. Amma bu, özünün də qeyd etdiyi kimi, yeni çıxan klipinin daha çox populyarlaşması üçün düşünülmüş bir PR kampaniyasıdır. Nəticə etibarilə, bura hər hansı hüquqi məsuliyyətdən söhbət gedə bilməz.

İctimaiyyəti çaşdırmaq, yanıltmaq kimi hərəkətlər var ki, onlara görə şəxs məsuliyyət daşıyır, amma xanım ifaçının bu hərəkəti klipinin populyarlığına xidmət edir”. 

Qeyd edək ki, Nura Suri  təqib ssenarisi qurmasını canlı yayımda etiraf edib.  “7 canlı” verilişinin qonağı olan ifaçı təqib yalanını yeni çəkdirdiyi klipi üçün uydurduğunu açıqlayıb.

Bu açıqlama qısa zaman ərzində sosial şəbəkələrdə yayılıb və ifaçı bəzi istifadəçilər tərəfindən tənqid edilib. Tanınmış prodüser, teleaparıcı Tarix Əliyev (Tolik) də müğənnini qınayanlar sırasında olub.

O, “Bu heç də yaxşı deyil. Verilişə baxsınlar deyə belə yalan demək heç yerində deyil. Nura dostumdur, amma bu, polisi və başqa qurumları dolamaqdır” -, deyə iradını bildirib.


Youtube kanalımız

Oxşar xəbərlər