“Xocavənd əməliyyatı”nın ildönümü münasibətilə 7 hərbçinin şəhid olduğu əraziyə səfər təşkil olunub. Həmin hərbçilər 1997-ci il aprelin 7-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin əmri ilə Xocavənd rayonu istiqamətində xüsusi tapşırıqla yola salınıblar.
Əməliyyatı uğurla başa vurub geri dönərkən, Füzuli rayonunun Yuxarı Güzlək kəndi ərazisində kəşfiyyat qrupu ermənilər tərəfindən mühasirəyə alınıb. Onlardan təslim olmaları tələb edilib. Bu tələb qrup üzvləri tərəfindən qətiyyətlə rədd edildikdən sonra ağır döyüş başlayıb. Döyüş zamanı çavuş Aqil Əhmədov ağır yaralanaraq huşunu itirib. Onun şəhid olduğu düşünülüb. Qrupun digər yeddi üzvü – sursatları tükəndiyindən və düşmən əlinə keçməmək üçün özlərini əl qumbarası ilə partladaraq şəhid olublar.
Aqil Əhmədov huşsuz vəziyyətdə əsir götürülüb və 1 il 11 ay düşmən əsirliyində saxlanıldıqdan sonra ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində azad edilərək vətənə qaytarılıb.
Şəhid hərbçilərin nəşləri yalnız altı ay sonra qarşı tərəfdən alınıb və Bakıdakı İkinci Şəhidlər Xiyabanında dəfn olunublar. Onların hər biri Prezident Heydər Əliyevin fərmanı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
Əməliyyatdan sağ çıxan döyüşçü Aqil Əhmədovun sözlərinə görə, Artıq bu hadisədən 28 il keçib. Üç gün ərzində düşmən arxasında döyüş tapşırığını yerinə yetirdik. Üçüncü gün düşmənlə açıq döyüşə girmək məcburiyyətində qaldıq. Qrupun yeddi üzvü qəhrəmancasına şəhid oldu. Mən isə ağır yaralanıb huşsuz vəziyyətdə əsir düşdüm. 1 il 11 ay düşmən əsirliyində saxlandım. Ulu Öndər Heydər Əliyevin səyləri ilə dəyişdirilərək vətənə qaytarıldım.”
Şəhid Vüqar Yarəhmədovun oğlu Vüqar Yarəhmədov isə bildirir ki, atasının şəhadətindən 6 ay sonra doğulub:
“Atam şəhid olanda mən hələ dünyaya gəlməmişdim. Onun şəhadətindən 6 ay sonra doğulmuşam və adını daşıyıram. Bu hadisə təkcə Azərbaycanın deyil, dünyanın hərb tarixində unikal nümunədir. Bir qrupun yeddi üzvünün eyni anda belə bir qəhrəmanlıq göstərməsi analoqu olmayan hadisədir.”