Azərbaycanda ali təhsil alan tələbələrin əmək bazarına inteqrasiyası son illərdə geniş müzakirə olunan mövzular sırasındadır. Xüsusilə region universitetlərində təhsil alan məzunların iş tapmaq imkanları ilə Bakıdakı ali məktəblərin məzunlarının şansları arasında fərqlər diqqət çəkir. Müşahidələr göstərir ki, paytaxt universitetləri ilə müqayisədə regionlarda təhsil alan şəxslərin əmək bazarına çıxış imkanları daha məhdud, şəbəkələşmə resursları zəif və işəgötürənlərlə əlaqələri daha az inkişaf etmiş olur.
Buna təsir edən amillər arasında infrastruktur fərqləri, təhsil keyfiyyəti ilə bağlı fərqlər, işəgötürənlərin seçim meyarları və regional əmək bazarının məhdudluğu xüsusi yer tutur.
News365.az Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan “Məzunların məşğulluq reytinqi”ndən əldə etdiyi məlumat əsasında bu dəfə Xəzər Universitetinin məzunlarının işlə təmin olunması ilə bağlı vəziyyəti araşdırıb.
Belə ki, Xəzər Universitetində ümumilikdə 70 ixtisas mövcuddur, bu ixtisaslar 40-ı Azərbaycan, 32-si ingilis, 29-u isə rus dilində tədris olunur.
2018-2022-ci illərdə bu universitetdə 1684 nəfər məzun olub. Onların 943-ü, yəni 53 faizi işlə təmin olunub.
Universitet məzunları arasında işləyənlərin 16,9 faizi dövlət, 83,1 faizi isə özəl sektorlarda çalışır.
Xəzər Universitetinin müxtəlif ixtisasları üzrə məzunların məşğulluq statistikasına nəzər saldıqda, bəzi istiqamətlərdə işlə təmin olunma göstəricilərinin digərlərinə nisbətən daha yüksək olduğu müşahidə edilir.
İxtisaslar üzrə göstəricilər
Ən çox məzunu olan ixtisas Xarici dil müəllimliyi (ingilis dili) olub. Bu ixtisas üzrə 113 nəfər məzunun 65-i, yəni təxminən 57.5%-i işlə təmin olunub. Bu göstərici ilə Xarici dil müəllimliyi həm məzun sayı, həm də işlə təminatda ön sıralardadır.
İkinci sırada Azərbaycan dili və ədəbiyyatı müəllimliyi gəlir. Bu ixtisas üzrə oxuyan 111 nəfərin 44-ü işlə təmin olunub. Bu isə təxminən 39.6% məşğulluq faizi deməkdir.
Üçüncü yerdə olan İbtidai sinif müəllimliyi (əyani) üzrə məzunların məşğulluq göstəricisi daha yüksəkdir. 98 məzundan 54 nəfəri işlə təmin olunub ki, bu da təxminən 55.1% təşkil edir.
Daha sonra gələn Tarix müəllimliyi (əyani) üzrə 65 məzundan 30 nəfəri iş tapıb. Bu isə sözügedən ixtisasda oxuyan 46.2% tələbənin universiteti bitirdikdən sonra iş tapdığını göstərir.
Riyaziyyat və informatika müəllimliyi (əyani) üzrə vəziyyət nisbətən ümidvericidir. 52 məzunun 42 nəfəri əmək bazarında özünə yer tapa bilib ki, bu da 80.8% məşğulluq səviyyəsini göstərir. Bu nəticə ixtisaslar üzrə ən yüksək faiz göstəricisidir.
Maliyyə (tədris ingilis dilində, əyani) üzrə isə 52 məzundan 38 nəfəri, yəni 73% işlə təmin olunub.
Mühasibat uçotu və audit (tədris ingilis dilində, əyani) üzrə göstəricilər də yüksəkdir. 51 məzunun 38 nəfəri, yəni 74.5% işlə təmin edilib.
Kompüter mühəndisliyi (tədris ingilis dilində, əyani) üzrə isə 51 məzunun 28 nəfəri işlə təmin olunub ki, bu da təxminən 54.9%-dir.
Turizm sahəsində təhsil alanların vəziyyəti də bənzərdir. Turizm və otelçilik (tədris ingilis dilində, əyani) üzrə 45 məzundan 28 nəfəri işlə təmin olunub. Bu isə 62.2% məşğulluq faizi deməkdir.
İşlə təmin olunanların 39.7 faizi kişi, 60.3 faizi isə qadındır.
Onların əksəriyyəti - 541 nəfər aylıq 400 manat maaş alır. 401-500 manat maaş alanların ümumi sayı 139 nəfərdir. Siyahıda ən son 1251-1400 manat maaş alanlar gəlir, Xəzər Universitetinin ümumilikdə 6 tələbəsi bu qədər maaş alır.
Tələbələrin 210-u məzun olduqdan sonra 2-3 ay ərzində iş tapa bilir ki, bu da işə düzəlmə müddətinə görə birinci sıradadır. Bundan əlavə 170 nəfər 1 ay içində, 112 nəfər 12-15 aya, 5 nəfər isə 24 ay ərzində işlə təmin olunur.