İranda baş verən etiraz aksiyaları və Güney Azərbaycanla bağlı məsələlər beynəlxalq ekspertlərin diqqət mərkəzindədir.
Bu barədə politoloq Turan Rzayev News365.az-a açıqlamasında danışıb.

Onun sözlərinə görə, aksiyalar zamanı bir sıra xarici siyasi fiqurların paylaşımları diqqət çəkib. Amerikalı analitik Lyuk Koffi X platformasında Azərbaycan bayrağı yanında “Hazır olun” mesajı paylaşaraq diqqətləri Güney Azərbaycana yönəldib. Osmanlı tarixinin araşdırmaçısı Fransevi Efendi isə Qacarlar sülaləsinin bərpası və 1906-cı il konstitusiyasını dəstəklədiyini açıqlayıb. Digər amerikalı analitik Maykl Skott Doran isə İrandakı proseslərlə bağlı Səfəviləri dəstəklədiyini və Şah İsmayılın uzaqgörən Azərbaycan monarxı olduğunu bildirib.
Turan Rzayev qeyd edib ki, bu açıqlamalarda həm azərbaycanlılar, həm də Güney Azərbaycanla bağlı mesajlar mövcuddur. Xüsusilə Səfəvi və Qacar detalları diqqət çəkir, lakin reallıq baxımından Səfəvilərin hakimiyyət iddiası üçün effektiv bir mövqeyi yoxdur. Qacarlar isə yaxın tarixdə mövcud olmuş, bəzi nümayəndələri tanınan bir xanədanadır. Məsələn, Babək Qacar özünü Fətəli şah Qacar və Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin soyundan gələn bir nümayəndə kimi təqdim edir. Digər Qacar nümayəndəsi Əmir Əli Sərdar isə İrəvan xanlığının davamçısı sayılır və tarixi mirasa fokuslanıb.
Politoloqun fikrincə, hər üç xarici analitikin açıqlamaları təsadüfi deyil. Onlar İranı dəyişməz bir siyasi struktur kimi deyil, daxili ziddiyyətləri və tarixi identiteti olan bir məkan kimi təqdim edirlər. Bu baxımdan Güney Azərbaycanlıların mövqeyi və potensial rolu gələcək transformasiya proseslərində mühüm əhəmiyyət kəsb edir.
Turan Rzayev bildirib ki, azərbaycanlılar həmişə İranda baş verən inqilab və etirazların nəticələrinə təsir göstərmiş, gələcək ssenarilərdə də mühüm rol oynaya biləcək etnosdur. Vaşinqtonun intellektual-strateji dairələrində bu mövzu ciddi siyasi siqnallar kimi qiymətləndirilir.