Ukraynada ölkə prezidenti Vladimir Zelenskinin ABŞ-yə səfərinə hazırlıq gedir. Bu barədə RBC-Ukrayna öz mənbələrinə istinadən məlumat yayıb.
Bununla belə, portalın həmsöhbəti hazırlıqların hansı mərhələdə olduğunu və Zelenskinin Vaşinqtona səfərinin nə vaxt baş tutacağını dəqiqləşdirməyib.
Fevralın 25-də “Financial Times” diqqət çəkən məqalə dərc etmişdi. Nəşr yazıb ki, Ukrayna və ABŞ faydalı qazıntıların hasilatı üzrə sazişin şərtlərini razılaşdırıblar. Bununla belə sənəddə Ukrayna üçün təhlükəsizlik təminatları barədə heç nə deyilmir. "Financial Times" həmçinin Zelenskinin müqaviləni imzalamaq üçün yaxın həftələrdə ABŞ-a uçacağını iddia etmişdi.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural