"AirCar" şirkəti ikiyerlik uçan avtomobil modelinin ilk pilotlu sınaq uçuşunu həyata keçirib.
Bu barədə "Anadolu" agentliyi məlumat verib.
Ötən ayn baş tutmuş sınaqlar zamanı "AirCar"ın qurucusu və icraçı direktoru Eray Altunbozar birnəfərlik prototipdə havaya qalxıb və texnoloji parkın helikopter meydançasına enib, burada ikiyerlik modelə keçib və bir sərnişinlə həyata keçirdiyi ilk uçuşu da uğurla başa vurub.
Güclü küləyə baxmayaraq bütün təhlükəsizlik tədbirləri görülməklə, uçuş 8 metr yüksəklikdə 10 dəqiqəyə yaxın davam edib.
İkinəfərlik "AirCar" modeli xüsusi olaraq birgə və avtonom hava nəqliyyatı üçün nəzərdə tutulub. Onun xüsusiyyətlərinə bir dəfə enerji doldurmaqla 50-80 km məsafəni qət etmək, 200 kq yük qaldırmaq qabiliyyəti, helikopterdən 5 dəfə daha səssiz olması, 10 dəfə az istismar xərcləri, yüksək təhlükəsizlik üçün 8 mühərrikli sistem daxildir.