Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar - FOTOLAR

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar -  FOTOLAR
26 Apr 2024 20:27

Türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələrinin sədrləri Qarabağın incisi, Azərbaycanın tarixi və mədəniyyətinin simvolu olan Şuşa şəhərinə səfər ediblər.

News365.az xəbər verir ki, nümayəndə heyətinin Azərbaycan mədəniyyətinin paytaxtı ilə tanışlığı ölkəmizin tanınmış şəxsiyyətləri Bülbül, Xurşidbanu Natəvan və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin yerləşdiyi Şuşa şəhər mərkəzi meydanından başlayıb. Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyinin əməkdaşları onlara şəhərin tarixi, işğal dövründəki vəziyyəti və hazırda aparılan quruculuq işləri barədə məlumat veriblər. Bildirilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.

Qonaqlara Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri barədə də məlumat verilib. Bildirilib ki, işğal zamanı ermənilər heykəlləri Ermənistana apararaq əritmək istəyiblər. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra heykəllər əvvəlki yerlərinə qaytarılıb.

Daha sonra Xurşidbanu Natəvanın evi və Xan qızı bulağının yerləşdiyi ərazi və qala divarları ilə tanışlıq olub. Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.

Səfər çərçivəsində Türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələrinin sədrləri Yuxarı Gövhər Ağa məscidində də olub, Cıdır düzünə qalxaraq, oradan açılan gözəl mənzərəni seyr ediblər.

Qeyd edək ki, qonaqlar Şuşa şəhərindən öncə Xankəndi şəhərində də olublar.

Səfər zamanı qonaqları Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Cavanşir Feyziyev, Sahib Alıyev, Elman Nəsirov, Azər Kərimli, Nəsib Məhəməliyev, Sabir Hacıyev və digər rəsmi şəxslər müşayiət ediblər.

 

 

 

 

 

 


Youtube kanalımız

Oxşar xəbərlər