TRIPP-in gizli məzmunu: Ermənistanın “imkan” mesajının arxasında nə dayanır?

TRIPP-in gizli məzmunu: Ermənistanın “imkan” mesajının arxasında nə dayanır?
11:04

Ermənistan Prezidentinin TRIPP layihəsini “region ölkələri üçün yeni imkanlar yaradan təşəbbüs” kimi təqdim etməsi ilk baxışda konstruktiv mesaj təsiri bağışlasa da, bəyanatın arxa planında ciddi geosiyasi hesablamalar dayanır.

Politoloq Züriyə Qarayeva News365.az-a açıqlamasında bildirib ki, Ermənistan son aylarda Qərblə siyasi-hərbi yaxınlaşmanı gücləndirir və Rusiya ilə münasibətlərini tədricən yenidən formatlandırır:


"Bu proses Paşinyan administrasiyasının TRIPP kimi Qərb yönümlü layihələri “regional əməkdaşlıq platforması” kimi təqdim etməsinin əsas səbəblərindən biridir. İrəvan bununla həm Qərbin dəstəyinə daha çox bağlanmaq, həm də regionda “konstruktiv oyunçu” imici formalaşdırmaq niyyətini güdür.

Politoloqun sözlərinə görə, TRIPP-in mahiyyəti onu sırf iqtisadi və diplomatik mexanizm deyil, daha çox geostrateji layihə kimi qiymətləndirməyə əsas verir. Layihənin arxasında ABŞ-ın Cənubi Qafqaz və Yaxın Şərq məkanında yeni təhlükəsizlik arxitekturası qurmaq cəhdi dayanır. Bu çərçivədə kommunikasiya xətləri, enerji marşrutları və nəqliyyat dəhlizləri Vaşinqtonun qlobal strategiyasının tərkib hissəsinə çevrilir. Lakin bu yanaşma regionda imkanlarla yanaşı, ciddi risklər də yaradır. Xüsusilə Rusiya layihəni öz təsir dairəsinin zəifləməsi kimi qəbul edə, Azərbaycan isə TRIPP-in siyasi konturlarından asılı olaraq ehtiyatlı mövqe nümayiş etdirə bilər.

Züriyə Qarayeva bildirib ki, Azərbaycan üçün TRIPP-in real əməkdaşlıq platformasına çevrilməsi yalnız regionun mövcud geosiyasi balanslarını pozmayan və ölkələrin suveren maraqlarına hörmət edən formatda mümkündür. Bakı hazırda Naxçıvan yolu, Zəngəzur dəhlizi və digər xəttlər üzrə çoxşaxəli nəqliyyat siyasətini davam etdirir. TRIPP-in bu strategiyaya tam uyğunlaşması ehtimalı az olsa da, Azərbaycan iqtisadi fayda və siyasi neytrallıq təmin olunarsa, layihənin müəyyən elementləri üzrə əməkdaşlıq imkanlarını nəzərdən keçirə bilər. Əks təqdirdə, TRIPP ABŞ–Ermənistan yaxınlaşmasının davamı kimi qiymətləndiriləcək və regional güclər tərəfindən rəqabət müstəvisinə çəkilə bilər.

Politoloq qeyd edib ki, Rusiya üçün TRIPP açıq şəkildə strateji çağırışdır. Moskva Qafqazda logistika və təhlükəsizlik üzərindəki təsirini itirmək istəmir və layihənin ABŞ təşəbbüsü kimi genişlənməsi Kreml üçün narazılıq doğuracaq. Ermənistan Prezidentinin “risk yox, imkan yaradır” bəyanatı isə daha çox siyasi mesaj xarakteri daşıyır və Moskvanı sakitləşdirməyə yönəlib. Real vəziyyətdə TRIPP həm Kreml, həm də Tehran üçün yeni geosiyasi təzyiq elementinə çevrilir.

Nəticə olaraq, politoloq Züriyə Qarayeva vurğulayır ki, TRIPP-in regional əməkdaşlıq platformasına çevrilməsi üçün ölkələrin maraqlarına balanslı yanaşma, geosiyasi qarşıdurmadan yayınma və həqiqi iqtisadi inteqrasiya texnologiyaları tələb olunur. Hazırkı mərhələdə isə layihə daha çox rəqabət elementləri olan geostrateji təşəbbüs təsiri bağışlayır və Ermənistanın bunu “imkan” kimi təqdim etməsi daxili və xarici auditoriyaya hesablanmış siyasi ritorikadan ibarətdir.


Sizin reklam burada
Sizin reklam burada