Ukrayna-Rusiya müharibəsinin dayandırılması istiqamətində beynəlxalq vasitəçilərin illərdir davam edən səylərinə baxmayaraq, sülh danışıqları hələ də nəticə vermir. Politoloq Sahil Kərimli hesab edir ki, müxtəlif ölkələrin və beynəlxalq aktorların təşəbbüsləri uğursuz olub, son diplomatik təmaslar isə münaqişənin həllinə real töhfə verməyib.
Politoloq Sahil Kərimli News365.az-a açıqlamasında bildirib ki, Ukrayna müharibəsinin başladığı ilk günlərdən etibarən tərəflər arasında danışıqların bərpası üçün müxtəlif vasitəçilik təşəbbüsləri irəli sürülsə də, onların heç biri real nəticə verməyib.

Onun sözlərinə görə, müharibənin ilk mərhələsində qardaş Türkiyə başda olmaqla bir sıra ölkələr tərəfləri danışıqlar masasına qaytarmağa çalışıb. Azərbaycan da həmin dövrdə dəfələrlə öz mövqeyini ortaya qoyaraq müharibənin dərhal dayandırılmasının və siyasi dialoqun bərpa edilməsinin vacibliyini vurğulayıb. Lakin bütün bu cəhdlər uğursuz nəticələnib.
Politoloq qeyd edib ki, son dövrlərdə də müharibənin dayandırılması ilə bağlı müxtəlif təşəbbüslər və siyasi bəyanatlar səsləndirilir. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp həm seçki kampaniyası dövründə, həm də prezident seçildikdən sonra Rusiya ilə Ukrayna arasında müharibənin dayandırılması üçün sülh planı irəli sürdüyünü dəfələrlə bəyan edib və prezident olacağı təqdirdə bu müharibənin ümumiyyətlə başlamayacağını iddia edib.
Sahil Kərimli vurğulayıb ki, bütün bu açıqlamalara baxmayaraq, prosesdə ciddi irəliləyiş müşahidə olunmur. O xatırladıb ki, ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında son görüş əvvəlki görüşlərdən fərqli atmosferdə keçib. Onun sözlərinə görə, əvvəlki görüşlərdə Trampın Zelenskiyə münasibəti daha sərt və etinasız görünsə də, son görüşdə dialoq daha konstruktiv tonda aparılıb.
Bununla belə, politoloq hesab edir ki, diplomatik ritorikanın dəyişməsi münaqişənin həllinə təsir göstərməyib və hazırkı mərhələdə danışıqlar prosesi yenidən dalana dirənmiş vəziyyətdədir.