Trampın gündəmində Azərbaycan - 44 günün izi və yeni geosiyasi yol

Trampın gündəmində Azərbaycan - 44 günün izi və yeni geosiyasi yol
15:23

Zəngəzur dəhlizi ilə bağlı müzakirələr intensivləşib. ABŞ dövlət katibinin müavini Elison Huker artıq iki gündür bölgədədir. Diplomat öz ziyarətinə Ermənistandan başlayıb. Bu da təsadüfi sayılmaz. Əsas müzakirə mövzularından biri məhz TRIPP layihəsi ilə bağlıdır. O da ki, qonşu ölkədən keçir.

Bakı və Ankara üçün isə əsas olan marşrutun maksimum tez işə düşməsidir. Azərbaycan artıq öz üzərinə düşən işləri yekunlaşdırmaq üzrədir. Qardaş Türkiyə də ona aid, Böyük Orta Dəhlizə daxil yolların daha modern vəziyyətə gətirməyə qərar verib. 43 km-lik dəhliz isə Ermənistanda inşa olunmalıdır. Bundan ötrü ABŞ İrəvana ilkin məbləğ də ayırıb.

O da bəlli ki, Ağ Evdə ötən avqustda imzalanan üçtərəfli Birgə Bəyannaməyə əsasən Ermənistan Azərbaycanın materik hissəsini eksklav Naxçıvanla birləşdirəcək yoldan maneəsiz keçid öhdəliyi götürüb (Başqa ölkələr üçün belə güzəşt rejimi olmaya bilər). Öhdəliyin altında prezident Donald Trampın imzası da var – əsas qarant kimi. Odur ki, problem böyük ölçüdə Nikol Paşinyan hökumətinindir.

Ümid edək ki, xanım Hukerin çoxgünlük səfəri layihənin icrasını əhəmiyyətli dərəcədə sürətləndirəcək. Noyabrın 6-da Ağ Evdə Birləşmiş Ştatlar prezidenti ilə Mərkəzi Asiya dövlətlərinin liderləri arasında baş tutmuş 5+1 formatında ikinci sammiti, toplantıda Orta Dəhliz layihəsi və onun tərkib hissəsi kimi TRIPP-in müzakirəsi bu yöndə ümidləri xeyli artırıb. Hər halda 1 nömrəli qlobal güc kimi ABŞ-ın pulu da, siyasi iradəsi və imkanları da yetərincədir...

Bu arada Amerikanın nüfuzlu “beyin mərkəzləri”ndən olan və hökumətin tövsiyələri ilə hesablaşdığı Atlantik Şuranın Avrasiya şöbəsinin direktoru Con E.Herbst Bakıda jurnalistlərlə söhbətdə “Azərbaycan ABŞ prezidentinin diqqət mərkəzindədir” deyib.

“Bu, sizin üçün də, bizim üçün də yaxşıdır. Vaşinqton rəhbərliyinin Cənubi Qafqaza, Azərbaycana və Mərkəzi Asiyaya müsbət və yüksək keyfiyyətli diqqət göstərməsini görmək xoşdur. Əgər ABŞ tranzit dəhlizinə görə məsuliyyəti öz üzərinə götürərsə və onun fəaliyyətinə nəzarət edərsə, ekstraterritoriallıqla bağlı mürəkkəb məsələlər ikinci dərəcəli məsələyə çevrilir”, - Herbst əlavə edib.

Ekstraterritoriallıq, yəni dəhliz məntiqi...

Şübhəsiz, yolun necə adlandırılması ikinci-üçüncü dərəcəli məsələlərdəndir. Mühüm olan 44 + 1 günlük müharibədən, Dağlıq Qarabağ konflikti tarixin arxivinə veriləndən və sülh müqaviləsi ratifikasiya ediləndən sonra böyük barışıq prosesi dayanmasın, daima irəli getsin, bağışlanmaz gecikmə olmasın. Bu proses fonunda sərhədlər, kommunikasiyalar açılsın, Azərbaycan və Türkiyə ilə Ermənistan arasında, nəhayət, siyasi-diplomatik əlaqələr qurulsun. Yekun etibarilə Rusiyanın bölgədə ənənəvi pozucu rolu minimuma ensin. Onun Ermənistanda hərbi baza, Türkiyə ilə sərhəddə hərbçilər saxlamasına lüzum qalmasın.

Çünki Kremlin zaman-zaman bölgəni qarışdırıb konfliktlər hesabına onu idarə etmək kimi çox yaramaz ənənəsi var. Onu da tarixin qəbiristanlığına göndərmək zamanı çatıb. Bu isə böyük ölçüdə Ermənistan rəhbərliyindən çox, erməni xalqının iradəsindən asılı olacaq. Məhz o qərar verməlidir ki, yenə Moskvanın əlində qonşulara qarşı maşa olaq, ya yox? Ötən bazar Vaqarşapatdakı bələdiyyə seçkilərində hakim Paşinyan partiyasının inamlı qələbəsi bu xüsusda nikbin pozitiv anons hesab edilə bilər...

Təbii ki, Ağ Evin Kreml kimi Güney Qafqazla bağlı bəd niyyətləri yoxdur. Özəlliklə də Trampın. Aydındır ki, Rusiya region ölkələrinə qarşı şantaj siyasətini davam etdirdikcə, yandırılan körpüləri bərpa eləmək əvəzinə, olan-qalanını da dağıtmaq kursundan əl çəkmədikcə, qonşu ölkələrə hələ də yuxarıdan aşağı baxdıqca, bölgə dövlətləri də gərəkən əlavə ön tədbirləri görəcək – özü də ortaq səylərlə. Ukraynadakı səfirliyimiz ətrafında son baş verənlər bu yöndə fəaliyyəti gücləndirmək üçün əlavə siqnaldır.

Qısası, Trampın regiona uzunmüddətli barışıq, əməkdaşlıq, rifah gətirmək istəyi qat-qat səmimi görünür, nəinki Rusiya rəsmilərinin, o sırada Sergey Lavrovun Vaşinqtonun səylərini şübhə altına alan quru və ikibaşlı “sülh” bəyanatları, hətta hədələyici tonu...


Sizin reklam burada
Sizin reklam burada