Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi, sosial şəbəkələrdə və digər onlayn platformalarda vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə apardığı əməliyyat-profilaktik tədbirlər həyata keçirib.
News365.az xəbər verir ki, sosial media istifadəçilərini haker hücumlarına məruz qoyan 22 yaşlı Rəşad Məmmədovu saxlayıb.
İstintaq zamanı müəyyən edilib ki, R.Məmmədov “Tik-Tok” və “Instagram” kimi platformalardan istifadə edən qadınların səhifələrinə kiberhücumlar təşkil edərək onların şəxsi məlumatlarını ələ keçirib. O, əldə etdiyi şəxsi foto və videoları xüsusi proqramlarla redaktə edərək, onlara qeyri-etik səs effektləri və məlumatlar əlavə edib. Daha sonra bu rüsvayedici materialları özünə məxsus sosial media səhifələrində paylaşıb.
Bundan əlavə, R.Məmmədov zərərçəkənlərlə əlaqə yaradaraq onların adına saxta profillər yaratdığını bildirib və bu profillərin silinməsi müqabilində pul tələb edərək hədə-qorxu gəlib.
Faktla bağlı DİN-in Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb. R.Məmmədov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq, barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda onun bu cinayət əməllərindən zərərçəkən digər şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.