“Bu əməliyyat qanunsuz və qərəzlidir” – Tahir Kərimli Rusiyadakı hücuma sərt reaksiya verdi

“Bu əməliyyat qanunsuz və qərəzlidir” – Tahir Kərimli Rusiyadakı hücuma sərt reaksiya verdi
16:47

Rusiyanın Yekaterinburq şəhərində  azərbaycanlı ailəyə hücum edilib.

Vəhdət Partiyasının sədri Tahir Kərimli News365.az-a açıqlamasında Rusiyada azərbaycanlı ailəyə qarşı törədilən əməli sərt şəkildə tənqid edib.

O, baş verənləri nə beynəlxalq hüquqla, nə də Rusiyanın daxili qanunları ilə izah etməyin mümkün olduğunu bildirib.

“Gecənin bir vaxtı, heç bir sənəd təqdim olunmadan ailənin evinə zorla daxil olmaq, insanlara işgəncə vermək, hətta bu prosesin ölümlə nəticələnməsi heç bir qanuna sığmır. Əgər deyirlər ki, bu, 25 il əvvəl baş verən bir hadisə ilə bağlıdır, onda sual olunur: həmin vaxt cəmi 4 yaşı olan şəxsin bu gün 29 yaşında ikən bu məsələ ilə nə əlaqəsi var?”, – deyə Kərimli bildirib.

Partiya sədri qeyd edib ki, əməliyyatın ailənin gözü qarşısında aparılması, heç bir müqavimət göstərilmədiyi halda zorakılığın baş verməsi bu hərəkətin qərəzli və məqsədli olduğunu sübut edir.

“Əgər həmin şəxslər silahlı müqavimət göstərsəydi, qarşı tərəfin atəş açmasını anlamaq olardı. Amma burada nə soyuq, nə də odlu silah olub. Sadəcə olaraq, gecənin bir vaxtı evə daxil olub vəhşicəsinə əməliyyat keçiriblər. Bu, cinayətdir”, – o vurğulayıb.

Tahir Kərimli əlavə edib ki, bu hadisə təkcə fərdi məsələ kimi deyil, etnik mənsubiyyətə əsaslanan nifrət zəminində törədilmiş bir hərəkət kimi qiymətləndirilməlidir:

“Təsadüfi deyil ki, Rusiya Dövlət Dumasının sədr müavini Tavuşly da məsələ ilə bağlı çıxış edərək ölkədə etnocinayətlərin baş verdiyini bildirib. İndi yeni termin uydururlar – etnocinayət. Əgər doğrudan da belə cinayətkar qruplar varsa, onlar müəyyən olunmalı, məsuliyyətə cəlb edilməlidir”, – deyə Kərimli fikrini yekunlaşdırıb.


Sizin reklam burada
Sizin reklam burada