Xəzərdə fəlakət - 33 metr aşağı düşəcək

Xəzərdə fəlakət - 33 metr aşağı düşəcək
17:03

Xəzər dənizinin səviyyəsinin kəskin şəkildə aşağı düşməsi son dövrlərdə region üçün ciddi ekoloji narahatlığa çevrilib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov Modern.az-a açıqlamasında bu azalmaya səbəb olan başlıca amillərdən bəhs edib. Ekspertin sözlərinə görə, Xəzərin su balansının pozulmasının əsas səbəbi ona axan çayların sululuğunun azalmasıdır:

“Xəzərə daxil olan suyun təxminən 80 faizini təmin edən Volqa çayı Xəzər dənizinin səviyyəsini formalaşdıran əsas mənbə hesab olunur. Lakin bu çayın üzərində tikilmiş irimiqyaslı su anbarları su itkisini daha da artırır”.

Rövşən Abbasov bildirib ki, yalnız Volqa hövzəsində yerləşən su anbarlarının ümumi sahəsi 20 min kv km-i ötür və bu anbarlardan buxarlanan su Xəzərin səviyyəsini azaldan əsas faktorlar sırasındadır:

“Bununla yanaşı, iqlim dəyişikliyi də bu prosesə təsir göstərir. İqlim dəyişiklikləri səbəbindən Xəzər dənizi səthində buxarlanma daha da güclənib ki, bu da dəniz suyunun azalmasına əlavə təsir göstərir”.

Ekspert onu da qeyd edib ki, Xəzər dənizinin səviyyəsinin dəyişməsində təbii dövrlər mövcuddur, lakin son proqnozlar bu azalmanın davamlı və təhlükəli olacağını göstərir. Onun fikrincə, hazırkı vəziyyət dəyişməzsə və xüsusilə Rusiya ərazisində su götürülmələri artarsa, dənizin səviyyəsinin mənfi 33 metrə, hətta daha aşağı düşməsi mümkündür:

R.Abbasov həmçinin hesab edir ki, vəziyyətdən çıxış yolu region ölkələrinin birgə fəaliyyət göstərməsindən keçir:

“Xəzərin bərpası üçün Xəzəryanı ölkələr, xüsusilə də Rusiya bir araya gəlməli və sıx əməkdaşlıq şəraitində birgə tədbirlər həyata keçirməlidirlər. Volqa çayında su götürülmələri azaldılmalı və imkan daxilində minimuma endirilməlidir”,– deyə ekspert bildirib.

O vurğulayıb ki, əgər hazırda bu istiqamətdə tədbirlər görülməzsə, 2050-ci ilə qədər verilən pessimist proqnozlar reallaşa və Xəzər dənizi ekoloji fəlakətlə üz-üzə qala bilər.


Sizin reklam burada
Sizin reklam burada