Terroru maliyyələşdirmədə təqsirləndirilən Namiq Nəbiyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
News365.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan olunub.
Dövlət ittihamçısı ittiham aktını elan edib.
Məlum olub ki, Namiq Nəbiyev Suriyadakı münaqişə zəminində 2022-ci ildən müxtəlif vaxtlarda, müxtəlif şəxslərin adına olan bank kartlarına 28.479 dollar məbləğində pul vəsaiti köçürərək həmin pulun terrorçu qrup kimi tanınmış İraq Şam İslam Dövlətinə (İŞİD) göndərilməsinə, onların silah və ya digər terrora səbəb ola biləcək vasitə almasına səbəb olub.
O, ifadəsində bildirib ki, sədəqə verilməsi işi ilə məşğul olub: "Votsap qrupu yaradıb orada sədəqə toplamaq üçün paylaşımlar edirdim. Pul göndərilirdi, pulu lazımi yerə çatdırırdım".
Növbəti proses dekabrın 23-nə təyin edilib.
Qeyd edək ki, DTX tərəfindən saxlanılan Namiq Nəbiyev AR Cinayət Məcəlləsinin 167-3.1 (dini ekstremist materialları saxlama) və 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) maddələri ilə ittiham olunur. Cəzaların qismən toplanılması ilə Namiq Nəbiyev 10 ildən 14 ilədək müddətə azadlıqdan məhrum edilə bilər./ APA