İdman eksperti Kənan Məstəliyev Qazaxda yerləşən futbol meydançasının baxımsızlığından şikayətlənib.
News365.az xəbər verir ki, ekspert bu barədə sosial media hesabında paylaşım edib.
"Qazaxa getmişdim. Getmişkən, "şəhərin mərkəzi arenasına bir baş çəkim" dedim. Məkanda olduğum 40 dəqiqə ərzində məstan pişikdən başqa canlıya rast gəlmədim. Beləcə məstan və Məstəliyev birlikdə gəzdik arenanı. Amma stadion direktoru kimdi, nəzarət edəni kimdi, bilinmədi, axtarsam da tapa bilmədim. Tərk edilmişdi arena.
Şəkillərdə meydançanı, tribunaları, dırnaqarası VİP sektoru görəcəksiz. Hər şey dağınıqdı. Amma kağız üzərindəki infrastruktur əladı. Ehtiyat meydança var, köməkçi binalar, qurğular var, təmiri, yenidən qurulmanı gözləyir. Təbiəti, yerləşməsi çox yaxşıdı. Bu stadion düzəldilsə, ölkənin ən yaxşı arenalarından birinə çevrilə bilər.
Qazaxda həmişə futbol olub. Həvəskar səviyyədə indi də var. Amma bu şəhərdə çox rahatlıqla Premyer Liqa klubu saxlamaq olar. Şamaxıdan, Tovuzdan, lap elə Gəncədən də geridə qalmaz."