Sayalı Səlimli Şəkidə məşhur təkəlduz ustalarındandır. O news365.az-a bildirir ki, bu sənətlə 40 ilə yaxındır ki, məşğul olur. Xanım qəhrəmanımız təkəlduz sənətindən əvvəl bədii tikmənin digər növlərinə, həmçinin toxuma sənətinə də maraq göstərib. Təkəlduz hərfi mənada “tək əllə düz” mənasını verir. Təkəlduz sənətinin çox incəlik tələb edən, eyni zamanda, xeyli vaxt aparan bir sənət növü olduğunu bildirən Sayalı xanım deyir ki, elə işlər var 3-4 ay üzərində çalışmalı olursan. Kiçik ölçülü əl işləri isə 20 günə, bir aya əmələ gəlir.
Sənətkarın dediyinə görə, əl işlərinin qiyməti müxtəlifdir. Satışdan heç də narazı deyil. Sayalı xanımın sözlərinə görə, onun nənəsi və anası da bu sənətlə məşğul olub. İndi isə davamçıları olaraq qızı və gəlini də təkəlduz sənətinə yiyələniblər.
Təkəlduz sənəti haqda bir-çox rəvayətlər var. Ancaq onlardan ən maraqlısı və ağlabatanı kişilərin vaxtilə bu sənətdən istifadə edərək həbsdə olduqları vaxt yaxınlarına məlumat ötürmələridir. Qeyd edək ki, qəhrəmanımız Sayalı xanım dəfələrlə sərgilərdə diplomlara layiq görülüb. Onun qızı Nərgiz xanımın əl işi isə 2000-ci ildə ilk dəfə keçiriln sənətkarların müsabiqəsində qalib olub.