Aİ Çinlə münasibətləri Rusiyaya göstərilən dəstəyə uyğun quracaq

Aİ Çinlə münasibətləri Rusiyaya göstərilən dəstəyə uyğun quracaq
24 İyl 2025 17:38

Avropa İttifaqı, Çinin Rusiyaya verdiyi dəstəyi Avropanın təhlükəsizliyi üçün birbaşa təhdid kimi qiymətləndirir və bu fonda Pekinlə münasibətlərini həmin dəstəyə uyğun şəkildə tənzimləməyi planlaşdırır. Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Pekində keçirilmiş 25-ci Aİ–Çin sammitindən sonra təşkil olunan mətbuat konfransında açıqlama verib.

News365.az-ın məlumatına görə, Fon der Lyayen bildirib ki, sammit zamanı Ukraynadakı müharibə əsas müzakirə mövzularından biri olub. O, Çinin Rusiyaya göstərdiyi siyasi və iqtisadi dəstəyin Avropa üçün ciddi təhlükə yaratdığını vurğulayıb:
“Ümid edirik ki, Pekin bu çağırışlara diqqət yetirəcək və Rusiyaya təsir imkanlarından istifadə edərək münaqişənin dayandırılmasına və danışıqlar prosesinin başlamasına şərait yaradacaq. Çin bu məsələdə necə davranacaqsa, bu, Aİ–Çin münasibətlərində həlledici rol oynayacaq”, – deyə Komissiya sədri bildirib.

Mətbuat konfransı Çin tərəfinin iştirakı olmadan keçirilib. Fon der Lyayen əlavə edib ki, Avropa İttifaqı Ukrayna Prezidenti Vladimir Zelenskiyə danışıqlara başlamaq üçün təzyiq göstərməməlidir, çünki Zelenski artıq bu məsələdə razılığını ifadə edib.

Avropa Komissiyasının rəhbəri və Avropa Şurasının sədri Antoniu Koşta isə jurnalistlərin Aİ-nin çağırışlarına cavab olaraq Pekinin konkret addımlar atıb-atmayacağı ilə bağlı suallarını cavabsız qoyub.

News365.az


Sizin reklam burada
Sizin reklam burada