Çuğundur suyu yaşlı insanlarda təzyiqi aşağı salır – alimlərdən yeni araşdırma

Çuğundur suyu yaşlı insanlarda təzyiqi aşağı salır – alimlərdən yeni araşdırma
24 İyl 2025 16:40

Alimlər çuğundur suyunun sağlamlığa olan faydalarını bir daha sübut ediblər. Böyük Britaniyanın Ekseter Universitetinin apardığı yeni araşdırma nəticəsində məlum olub ki, çuğundur şirəsi yaşlı insanlarda qan təzyiqinin azalmasına kömək edə bilər.

News365.az xəbər verir ki, tədqiqatda müxtəlif yaş qruplarından olan 75 könüllü iştirak edib. Onlar gündə iki dəfə çuğundur suyu içmək şərtilə iki həftəlik bir proqramdan keçiblər. Araşdırmanın sonunda iştirakçıların ağız mikrobiomu – yəni ağız boşluğundakı bakteriya tərkibi təhlil olunub.

Nəticələr göstərib ki, yaşlı iştirakçılarda çuğundur şirəsinin qəbulu ilə ağız boşluğunda zərərli bakteriyaların – məsələn, Prevotellanın miqdarı azalıb, faydalı Neisseria bakteriyalarının sayı isə artıb. Bu da, öz növbəsində, qida vasitəsilə qəbul edilən nitratların azot oksidinə çevrilməsini asanlaşdırıb. Azot oksidi isə damarları genişləndirərək qan təzyiqini tənzimləyir.

Ən maraqlısı isə odur ki, bu təsir yalnız yaşlı könüllülərdə müşahidə edilib. Gənc iştirakçılarda eyni nəticələr əldə olunmayıb. Bu isə onu göstərir ki, çuğundur suyu xüsusilə yaş artdıqca ürək-damar sağlamlığının qorunmasında mühüm rol oynaya bilər.

Mütəxəssislər həmçinin bildirirlər ki, nitratla zəngin olan digər tərəvəzlər – o cümlədən ispanaq, rukkola, kərəviz, şüyüd və kələm də bənzər təsirlərə malikdir. Bu tərəvəzləri rasiona daxil etmək sağlamlıq üçün sadə və təbii bir addım ola bilər.


Sizin reklam burada
Sizin reklam burada