İran və ABŞ arasında planlaşdırılan növbəti təmasların taleyi qeyri-müəyyən olaraq qalır. İslamabad şəhərində keçirilməsi gözlənilən görüşlərin başlanması hələlik təxirə salınıb.
News365.az xəbər verir ki, İranın Tasnim xəbər agentliyi məsələ ilə bağlı diqqətçəkən məlumat yayıb. Agentliyin hakimiyyətə yaxın mənbələrinin bildirdiyinə görə, Vaşinqton Livanda İsrail qüvvələrinin hərbi əməliyyatları dayandırmaqla bağlı öhdəliklərini yerinə yetirmədiyi müddətdə danışıqların keçirilməsi mümkün olmayacaq. Mənbə qeyd edib ki, bu şərt yerinə yetirilməyənədək proses faktiki olaraq dayandırılmış hesab olunur.
Bununla yanaşı, İran tərəfi nümayəndə heyətinin Pakistan paytaxtına yola düşməsi ilə bağlı yayılan xəbərləri də təkzib edib. Bildirilib ki, bu məlumatlar reallığı əks etdirmir və əsassızdır.
Eyni mövzuya toxunan digər məlumatda isə İranın xarici işlər naziri Abbas Əraqçi və parlament sədri Məhəmməd Bağır Qalibafın ölkəni tərk etmədiyi vurğulanır. Qeyd edilir ki, hər iki rəsmi şəxs hazırda Tehrandadır və öz vəzifələrini yerinə yetirməyə davam edir.
Oxşar açıqlama Fars xəbər agentliyi tərəfindən də verilib. Agentlik də İran nümayəndə heyətinin Pakistana getməsi barədə yayılan xəbərləri yalan və əsassız adlandırıb.
News365.az