Sürücülərdən birinin təhlükəsizlik qaydalarına əməl etməməsi, digərinin isə diqqətsizliyi ötən gün səhər saatlarında paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsinə səbəb olub.
News365.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) baş verən hadisə ilə bağlı sürücülərə müraciət edib.
Texniki nasazlıq səbəbindən nəqliyyat vasitəsini yolun kənarına çəkən minik avtomobilinin sürücüsü təhlükəsizlik tədbirlərini görməyib. Bu zaman hərəkətdə olan avtobus sürücüsü ara məsafəsini saxlamadan və diqqətsizlik göstərərək avtomobilə çırpılıb.
Hadisə nəticəsində iki nəqliyyat vasitəsinin iştirakı ilə metronun “Koroğlu” stansiyası istiqamətində 25 dəqiqəlik nəqliyyat sıxlığı yaranıb.
Müraciətdə qeyd olunur ki, avtomobildə texniki nasazlıq yarandıqda dərhal qəza siqnalları yandırılmalı və xüsusi xəbərdarlıq nişanından istifadə edilməlidir. Həmçinin hərəkətdə olan digər sürücülər yol hərəkəti qaydalarına ciddi əməl etməli, ara məsafəsini saxlamalı, avtomobili yüksək sürətlə idarə etməməli və xüsusilə diqqətli olmalıdırlar.