Şuşanın işğalı barədə videomateriallar göstərildi

Şuşanın işğalı barədə videomateriallar göstərildi
28 Apr 2025 21:45

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 28-də davam etdirilib.


News365.az xəbər verir ki, Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli tərəfindən Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərinin yandırılmasını, aramsız atəşə tutulmasını əks etdirən videomaterial nümayiş olunub.


Nümayiş etdirilən növbəti videomateriallar Şuşa rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı barədə olub.


Dəlillərdən biri Şuşanın işğalı əməliyyatına rəhbərlik etmiş “Komandos” ləqəbli general-mayor Arkadi Ter-Tadevosyanın işğal prosesi və orada iştirak etmiş şəxslər barədə çıxışlarının əks olunduğu videomateriallardan hissələr olub. Videomaterialda, həmçinin Şuşanın işğalına hərtərəfli hazırlıqdan bəhs edilib. Vurğulanıb ki, Şuşanın işğalına dair plana Vazgen Sarkisyan (Ermənistanın birinci müdafiə naziri – red.) razılıq verib. Döyüş əmri isə Seyran Ohanyan tərəfindən hazırlanıb.


“Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi planı çox məxfi şəraitdə Vazgen Sərkisyan, Arkadi Ter-Tadovasyan, Felek Kızoryan, eləcə də digər komandirlərin iştirakı ilə hazırlanıb. Döyüş əmri Seyran Ohanyan tərəfindən hazırlanmışdı”, - deyə kadrlarda bildirilir.


Vurğulanıb ki, əslində, əməliyyat aprelin 24-də keçirilməli imiş. Lakin silah təminatı və digər səbəblərdən bu, təxirə salınıb.


Sizin reklam burada
Sizin reklam burada