Sürücünü ölümcül döyənlərlə bağlı QƏRAR VERİLDİ

Sürücünü ölümcül döyənlərlə bağlı QƏRAR VERİLDİ
11 Mar 2025 13:20

Bakının Binəqədi rayonu ərazisində sürücüyə qarşı zorakılıq etməkdə təqsirli bilinən Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidlinin barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Binəqədi Rayon Məhkəməsində istintaq orqanının təqdimatı təmin edilib.

Məhkəmənin qərarı ilə Natiq Mustafakamalov, Vahid Cavadov və Nazim Rəhmanovun barəsində üç ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hadisədə iştirak edən Azər Zahidlə bağlı verilən təqdimat təmin olunmayıb və o, sərbəst buraxılıb.

"Chevrolet" markalı avtomobilə qəsdən zərər vurulması və sürücüsünün bir qrup şəxs tərəfindən döyülməsini əks etdirən görüntülərlə bağlı hazırda Binəqədi Rayon Polis İdarəsində istintaq araşdırması aparılır.

Qeyd edək ki, bu il fevralın 5-də paytaxtın Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində bir qrup şəxsin aralarında yaranmış mübahisə zəminində ictimai qaydanı kobud surətdə pozaraq soyuq silah qismində istifadə etdikləri taxta parçaları ilə "Chevrolet" markalı avtomobili qəsdən vuraraq yararsız hala salmaları və həmin avtomobilin sürücüsünə hücum edərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirmələri ilə bağlı məlumat əsasında rayon polis idarəsində xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb.

Əməli törətməkdə şübhəli bilinən Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidli polis əməkdaşları tərəfindən saxlanılaraq, istintaqa cəlb olunublar.

Toplanmış materiallar baxılması üçün məhkəməyə təqdim edilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada