Süni intellekt əsaslı tibbi platformanın yaranma hekayəsi

Süni intellekt əsaslı tibbi platformanın yaranma hekayəsi
11:23

Son illər Azərbaycanlı mütəxəssislərin süni intellekt və rəqəmsal səhiyyə sahəsində atdığı addımlar beynəlxalq elmi platformalarda diqqət çəkməyə başlayıb.

News365.az xəbər verir ki, bu uğurlu təşəbbüslərdən biri də LOR həkimi Ramil Həsimlinin paylaşımında yer alan və 2017-ci ildən etibarən formalaşaraq Avropada tanınan APDVoiceGlobal layihəsidir.

Onun yazdığına görə, Hindistandan qayıtdıqdan sonra Fədai bəyin məsləhəti ilə ilkin layihədə mövcud olan kod problemini həll edən proqramçı Anar Rustamovla yaxından tanış olublar. Təxminən iki ay ərzində həftədə ən azı üç dəfə işdən sonra görüşərək, gecə saat 10–11-ə qədər müzakirələr aparıblar. Ümumilikdə 50 saata yaxın davam edən bu görüşlərdən sonra birgə çalışma qərarı verilib.

İlkin mərhələdə layihə çərçivəsində xəstə məlumatlarının strukturlaşdırılmış şəkildə toplanması, platforma daxilində əlavə alətə ehtiyac olmadan çoxverilənli statistik analizlərin aparılması və elmi araşdırmalar üçün hazır vəziyyətə gətirilməsi planlaşdırılıb. Daha sonra isə böyük həcmdə məlumat toplandıqdan sonra süni intellekt və “big data” analiz vasitəsilə “complaint diagnosis decision support system” (şikayət-əsaslı diaqnostik qərar dəstək sistemi) qurulması hədəflənib. Gələcəkdə bu platformanın sığorta sistemi üçün də geniş imkanlar yaradacağı qeyd olunur.

Ramil Həsimli bildirib ki, Anar Rustamovun dəstəyi ilə hələ 2017-ci ildən etibarən süni intellekt mövzusunda öyrənməyə və bu sahədə fəaliyyət göstərməyə başlayıblar. Razılaşdırılmış vaxtda proqramın beta versiyası hazırlanıb və 6 ay sonra – 2017-ci il avqustun 31-də Belçikanın Gent şəhərində keçirilən PEVOC 12 (Pan-European Voice Conference) beynəlxalq konfransında “Online analytical tool for academic patient data on voice” mövzusunda 45 dəqiqəlik seminar təqdim olunub.

Paylaşımda vurğulanır ki, bu təqdimatdan sonra APDVoiceGlobal platforması Avropada tanınmağa başlayıb.


Sizin reklam burada
Sizin reklam burada