"Ümumiyyətlə, iki tərəfli dövlət komissiyası, hansı ki, sərhəd və sərhədlə bağlı məsələlərlə məşğul olur, Ermənistan-Azərbaycan arasında fəaliyyət göstərir. Bu komissiyanın fəaliyyətinin davam etməsinin müsbət tərəfləri var. Onlardan biri odur ki, biz bu komissiyanın hər dəfə keçirilən iclaslarını – hətta sonuncu videokonfrans da əsasən logistik detalların müzakirəsinə həsr olunsa da – müsbət qiymətləndirməliyik. Çünki bununla biz bütün dünyaya göstəririk ki, üçüncü tərəflərin iştirakı olmadan Ermənistanla təkbətək ən problemli və ağır məsələ olan sərhədin delimitasiyasını müzakirə edə bilirik."
Milli Məclisin deputatı Tural Gəncəliyev bunu News365.az-a açıqlamasında deyib.
"Ermənistan-Azərbaycan sərhədləri 30 il ərzində tanınmırdı. Biz isə bu məsələni üçüncü tərəfin müdaxiləsi olmadan rahat şəkildə müzakirə edirik. Artıq sərhədin kiçik bir hissəsində bu prosesi başa çatdırmışıq və bu, müsbət bir haldır.
Lakin digər tərəfdən, bu, Ermənistanın əlində bəhanəyə çevrilməməlidir. Yəni delimitasiya prosesi gedir deyə sülh müqaviləsinin imzalanmasını uzatmaq üçün bəhanələr ortaya atılmamalıdır. Həmçinin, Avropa İttifaqının missiyasının və ya Ankaradan gələcək hansısa missiyanın Ermənistana dəvət edilməsi kimi bəhanələrə də yol açmamalıdır.
Bu dəfəki görüş daha çox texniki xarakter daşıyıb. Hesab edirəm ki, sülh müqaviləsi imzalanarsa, bu proses davamlı şəkildə irəliləyəcək.