 
                        ABŞ Venesuelada narkotik qaçaqmalçılığı üçün istifadə olunan hərbi obyektlərə zərbələr endirməyi planlaşdırır. 
“The Wall Street Journal” (WSJ) nəşri məlumat yayıb.
Nəşrə danışan Amerika rəsmiləri bildiriblər ki, əgər ABŞ prezidenti Donald Tramp Venesuelaya hava zərbələrinin davam etdirilməsi barədə qərar versə, bu, ölkə lideri Nikolas Maduroya “vəzifədən getməyin vaxtının çatdığını” göstərən bir siqnal olacaq.
WSJ yazır ki, Tramp hələ yerüstü əməliyyatların başlanması ilə bağlı yekun qərar qəbul etməyib. ABŞ rəsmilərinin sözlərinə görə, mümkün hərbi kampaniya “narkotik kartelləri ilə Maduro rejiminin ortaq hədəflərinə” yönələcək.
Mənbələrin bildirdiyinə əsasən, potensial hədəflər arasında hərbçilərin nəzarətində olan dəniz və hava limanları, həmçinin dəniz bazaları və enmə-zolaqları var.
Qeyd edək ki, oktyabrın 22-də The Washington Post yazmışdı ki, Tramp Venesuelada Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) gizli əməliyyatlar aparmağa icazə verib.
Nəşr qeyd edir ki, Karib dənizində artıq onlarla ABŞ hərbi gəmisi və təyyarəsi, eləcə də minlərlə hərbçi yerləşdirilib.
ABŞ prezidenti daha əvvəl bildirmişdi ki, Vaşinqtonun Venesuela ilə bağlı narazılığının “bir çox səbəbi var, onlardan biri də narkotik ticarətidir. Oktyabrın 24-də Tramp bəyan etmişdi ki, ABŞ Venesuelada yerüstü əməliyyat da keçirə bilər.