"Şərur MTK"nın sahibi İsfəndiyar Axundovun ("Şərurlu İsfəndiyar") ona qarşı xüsusi ittiham qaydasında edilmiş şikayət üzrə məhkəmə prosesi keçirilib.
News365.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İsfəndiyar Axundov da iştirak edib.
Prosesdə linqivistik ekspertizanın yekunlaşdığı və ekspertizanın rəyinin məhkəməyə daxil olduğu bildirilib.
Təqsirləndirilən İsfəndiyar Axundovun vəkilləri prosesə gəlmədiyi üçün iclas sentyabrın 18-nə kimi təxirə salınıb.
Xatırladaq ki, ötən prosesdə təqsirləndirilən İsfəndiyar Axundovun müsahibələrinin birində zərərçəkən Emil Səməndərovu təhqir etdiyini müəyyən etmək üçün linqvistik ekspertizanın keçirilməsi ilə bağlı qərar qəbul olunmuşdu.
Qeyd edək ki, İsfəndiyar Axundov "Proqress 2016 MTK"nın həbsdə olan rəhbəri Emil Səməndərovu dələduz adlandırıb.
Buna görə də Emil Səməndərov İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edib.
O, İsfəndiyar Axundovun qeyd olunan maddələrlə cəzalandırılmasını istəyib.
***
“Şərur” MTK-nın sahibi İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) qarşı xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə keçirilir.
News365.az-ın məlumatına görə, işə Binəqədi Rayon Məhkəməsində baxılır.
Tanınmış iş adamından şikayətçi “Proqres 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərovdur. Səməndərov külli miqdarda dələduzluq ittihamı ilə həbs edilib. Amma hələ ki yekun məhkəmə qərarı yoxdur. Buna baxmayaraq, “Şərurlu İsfəndiyar” verilişlərin birində onu dələduz adlandırıb.
E.Səməndərov “dələduz” sözünü özünə qarşı təhqir və böhtan hesab edərək məhkəməyə müraciət edib.
Məhkəmə şikayətlə bağlı ekspertiza təyin etmişdi. Bu gün ekspert rəyi açıqlanmalıdır.