Rusiya ordusunun hərbçiləri Ukraynanın Donetsk vilayətinin (Ruslar "Donetsk Xalq Respublikası"nın (DXR) adlandırırlar)Qornyakı adlanan ərazisini nəzarətə götürdükdən sonra zirzəmilərdə və evlərdə edam edilmiş mülki şəxslərin meyitlərini aşkar ediblər. Bu barədə TASS-a "Levly" ləqəbli döyüşçü məlumat verib.
Onun sözlərinə görə, ərazi tutulandan sonra "təmizlənmə" işləri zamanı əsgərlər şəhərdə dinc əhalinin qalıb-qalmadığını öyrənmək üçün hər evi yoxlayıblar: "Və belə evlərdə güllələnmiş insanlar var idi".
Bundan başqa, RİA Novosti-nin məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin əsgərləri "Donetsk Xalq Respublikasının" Uspenovka, Annovka və Veseliy Qay kəndlərində dinc sakinləri təxribat xarakterli atəşə tutublar.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.