"Davos İqtisadi Forumu qlobal səviyyədə əhəmiyyətli bir beynəlxalq platformadır və hər il ənənəvi olaraq İsveçrənin Davos şəhərində keçirilir."
Millət Vəkili Samir Vəliyev bunu News365.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, forumun əsas məqsədi dövlət və hökumət başçıları, beynəlxalq təşkilatlar, alimlər, nüfuzlu siyasətçilər, iqtisadçılar və iş adamlarının iştirakı ilə yeni beynəlxalq-iqtisadi layihələri müzakirə etməkdir:
"İqtisadi xarakter daşımasına baxmayaraq, forum dünya siyasətinə və beynəlxalq münasibətlərə ciddi təsir göstərir. Bu platforma qlobal iqtisadi mənzərənin formalaşmasında mühüm rol oynayır. Burada təqdim edilən yeni texnologiyalar, irəli sürülən ideyalar və təkliflər dünya iqtisadiyyatına yeni istiqamətlər verir.
Davos Forumu eyni zamanda iqtisadi güc mərkəzləri arasında dialoq üçün bir platforma rolunu oynayır və dünya iqtisadiyyatına hesabat xarakteri daşıyır. Qlobal iqtisadiyyata milyonlarla insanın rifahına təsir edən problemlər, o cümlədən mövcud münaqişələr və ərzaq qıtlığı kimi məsələlər bu forumda müzakirə olunur. Forum siyasi liderləri, iş adamlarını və vətəndaş cəmiyyəti institutlarının rəhbərlərini bir araya gətirərək vacib məsələlərin həlli üçün əlverişli mühit yaradır. Bundan əlavə, bu forum ölkələrin özlərini beynəlxalq arenada tanıtması və investisiya imkanlarını təqdim etməsi üçün mühüm bir platformadır.
Millət Vəkili Azərbaycanın Davos Forumunda iştirakından da danışıb:
"Azərbaycan Davos Forumunda 1990-cı illərin ortalarından iştirak etməyə başlayıb. Azərbaycanın bu nüfuzlu beynəlxalq platformadakı iştirakı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. İlk dəfə 1995-ci il 27-31 yanvar tarixlərində Heydər Əliyev Azərbaycan Prezidenti kimi İsveçrənin Davos şəhərinə səfər edib və Azərbaycan Respublikasının Davos Forumunda ilk iştirakı münasibətilə ölkəmizə həsr olunan görüş keçirilib. Heydər Əliyev tədbir iştirakçılarına Azərbaycanın siyasi, iqtisadi, sosial və mədəni inkişaf göstəriciləri barədə geniş məlumat verib. O, Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarına malik olduğunu və bu resurslardan qarşılıqlı maraqlar əsasında dünya ölkələri ilə əməkdaşlıq çərçivəsində istifadə etməyə hazır olduğunu bəyan edib.
Prezident İlham Əliyev son illərdə forumda fəal iştirak edərək bir sıra ölkələrin dövlət və hökumət başçıları, eləcə də tanınmış beynəlxalq şirkətlərin rəhbərləri ilə görüşlər keçirib və müxtəlif aktual mövzular üzrə müzakirələr aparıb. Azərbaycanın artan nüfuzu, iqtisadi imkanları və regional proseslər kontekstində forum ölkəmiz üçün yeni siyasi və iqtisadi dividentlər əldə etmək imkanı yaradır. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasının mühüm istiqamətlərindən biri də Azərbaycanın biznes və investisiya mühitinin daha da yaxşılaşdırılmasıdır və bu mövzuda forumda geniş müzakirələr aparılır.
Azərbaycanın balanslaşdırılmış xarici siyasəti, əlverişli coğrafi mövqeyi, siyasi sabitlik və davamlı iqtisadi inkişafı ölkəmiz üçün yeni imkanlar yaradır. Bununla yanaşı, bəzi region ölkələrinin və böyük dövlətlərin həyata keçirdiyi qeyri-adekvat siyasətlər, eləcə də beynəlxalq təşkilatların yanlış qərarları dünya sülhü və təhlükəsizliyinə mane olur, mövcud münaqişələrin uzanmasına və dərinləşməsinə səbəb olur. Məhz bu səbəbdən Davos Forumu ölkələr və beynəlxalq təşkilatlar arasında səmərəli dialoqun qurulması üçün son dərəcə vacib platformadır.
Cari ildə Davos Forumu 20-24 yanvar tarixlərində İsveçrənin Davos şəhərində keçirilir. Forumda 350 hökumət nümayəndəsi və 60-dan çox dövlət və hökumət başçısı daxil olmaqla, 130-dan çox ölkənin iştirakı nəzərdə tutulub. Azərbaycan Prezidenti İlham Əliyev forum çərçivəsində mühüm görüşlər keçirir, tədbirlərdə iştirak edir və ölkəmizin iqtisadi və siyasi mövqeyini ikitərəfli və çoxtərəfli görüşlərdə açıq şəkildə ifadə edir."