"İran-Azərbaycan münasibətlərini biz iki aspektdən təhlil etməliyik. Əgər siz sırf səfirin fəaliyyəti ilə bağlı sual verirsinizsə, qeyd etməliyəm ki, Baş nazirin müavininin dünən İran səfiri tərəfindən qəbul edilməsi zamanı əsasən iqtisadi məsələlər, o cümlədən iqtisadi logistika məsələləri müzakirə olunub."
Politoloq Zaur Məmmədov bunu News365.az-a açıqlamasında deyib.
"Bu istiqamətdə artıq müəyyən nəticələr əldə olunub. Nəticələr ondan ibarətdir ki, gələcəkdə həm enerji resursları, həm nəqliyyat yolları, həm də Azərbaycan tranzit ölkə kimi İran və Rusiya arasında fəaliyyət göstərə bilər. Bundan əlavə, Azərbaycan və İran arasında da bu şəbəkənin genişləndirilməsinə şahidlik edə bilərik. Bu, hər iki ölkənin maraqlarına cavab verir və iqtisadiyyatın inkişafına xidmət edir.
Nəzərə almaq lazımdır ki, enerji resurslarının, xüsusilə qazın təminatı ilə bağlı bölgədə ciddi dəyişikliklər baş verir. Bununla yanaşı, Donald Trampın hakimiyyətə gəlməsindən sonra enerji daşıyıcılarının qiymətlərinin mümkün azalması fonunda həm Azərbaycan, həm də İran iqtisadi sahədə inkişaf perspektivlərini nəzərdən keçirməlidir. Bu isə müxtəlif layihələrin həyata keçirilməsini və sürətləndirilməsini mümkün edəcək. Tehran da bu məsələlərə dair düşünməli və hər iki dövlətin qazanclarını nəzərə almalıdır."