"Zelenskinin Davos Forumu çərçivəsində verdiyi açıqlamalar göstərir ki, Ukrayna Qərbdən gözlənilən yardımın vaxtında və kifayət qədər miqdarda gələcəyinə tam əmin deyil. Xüsusilə, Donald Tramp administrasiyasının Ukraynaya münasibəti əvvəlki rəhbərlikdən fərqlənir."
Politoloq Sultan Zahidov bunu News365.az-a deyib
"Tramp əvvəldən Ukraynaya bu qədər böyük maddi və hərbi dəstəyin verilməsinə qarşı çıxış edib. O, ABŞ-ın Ukraynaya silah tədarükünü mümkün qədər tez dayandırmağa çalışır ki, vəziyyət yeni bir mərhələyə keçsin və daha çox resurs tələb olunmasın.
Lakin reallıq fərqli istiqamətdə inkişaf edir. ABŞ tərəfi, rəsmi olaraq açıqlanmasa da, Rusiya ilə müəyyən müvəqqəti həll yolları üzərində düşünür. Bu kontekstdə “Kate Kellogg planı” adlı bir variant gündəmdədir. Kellogg, bilindiyi kimi, Tramp administrasiyasının Rusiya-Ukrayna məsələsində əsas fiqurlarından biridir. Bu plana əsasən, ABŞ Ukraynaya müəyyən dərəcədə yardım etməklə onu danışıqlar masasına oturmağa məcbur edəcək. Eyni zamanda, Rusiyaya qarşı tətbiq olunan bəzi sanksiyalar yumşaldılacaq və Moskva da danışıqlara cəlb ediləcək. Bu proses Minsk-III formatına bənzər yeni bir müvəqqəti atəşkəs formatının yaradılmasını nəzərdə tutur. Cəbhə bölgəsindəki vəziyyət olduğu kimi saxlanacaq və tərəflər diplomatik müzakirələrə başlayacaq.
Bununla belə, Rusiya bu cür variantlara isti yanaşmır. Putin açıq şəkildə bildirir ki, mövcud cəbhə xəttində üstünlük Rusiyanın tərəfindədirsə, atəşkəs yalnız Ukraynanın daha da güclənməsinə imkan yarada bilər. Buna görə də, Moskva müvəqqəti atəşkəsi öz maraqlarına uyğun hesab etmir və yalnız uzunmüddətli, strateji məqsədlərə cavab verən bir razılaşmaya razı ola biləcəyini vurğulayır.