COP29 öncəsi ölkəmizə qarşı səsləndirilən əsassız
iddialara cavab olaraq Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanovun
nüfuzlu “The Telegraph” qəzetində geniş məqaləsi dərc olunub.
News365.az-ın xəbərinə görə, məqalədə qeyd olunub ki, Azərbaycanın
COP29-a ev sahibliyi etməsi ilk dəfə olaraq regionumuzda iqlim fəaliyyəti ilə əlaqədar
belə mötəbər tədbirin keçirilməsi deməkdir:
“Bəziləri COP-a icraatdan daha çox müzakirə platforması kimi
yanaşsa da, Azərbaycan iqlim maliyyəsi, karbon bazarları, kiçik ada dövlətləri
ilə bağlı məsələlərin həlli və ümumilikdə bəşəriyyətin gələcəyi naminə praktiki
mexanizmlərin yaradılmasına nail olmaqda israrlıdır.
COP29 çərçivəsində Azərbaycanın irəli sürdüyü təşəbbüslərdən
biri də Olimpiya Oyunlarında olduğu kimi Qlobal Sülh təşəbbüsüdür. Bu qlobal
çağırış, həmçinin regionda yaranmış mövcud reallığı əks etdirir. Belə ki, 30
illik münaqişədən sonra Azərbaycan və Ermənistan arasında aparılan konstruktiv
danışıqların nəticəsində Azərbaycanın COP29-a ev sahibliyi etməsi mümkün olub.
Həm Azərbaycan, həm Ermənistan hər zaman olduğundan sülhə
daha yaxın olduqlarını etiraf edib. İki ölkə arasında sərhədlərin müəyyən bir
hissəsinin artıq demarkasiyası faktiki olaraq sülhün müjdəsidir. Bütün bunlar
ona görə mümkün olub ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə
uyğun olaraq beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində öz ərazi
bütövlüyünü bərpa edib.
Azərbaycanı tənqid edənlərə xatırlatmaq lazımdır ki, Azərbaycan
torpaqlarını otuz il işğal altında saxlayan və azərbaycanlılara qarşı etnik təmizləmə
törədən məhz Ermənistan olub və bu fakt beynəlxalq sənədlərlə də öz təsdiqini
tapıb.
Britaniya xarici işlər naziri Devid Leminin Azərbaycan ərazilərini
işğaldan azad edib söyləməsi ətrafında mediada ajiotaj yaradılsa da, bu həqiqətdir
ki, Azərbaycan öz torpaqlarını xarici istiladan azad edib. Bu sadə və doğru
faktı səsləndirdiyinə görə Devid Lemini tənqid edənlərin aydındır ki, başqa
maraqları var.
Otuz illik işğalın, məcburi köçkünlüyün, müharibənin dərin
yaralarına rəğmən beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq məhz Azərbaycan
tərəfi Ermənistana sülh əlini uzadıb. Ancaq sülh istiqamətində nəzərə çarpan irəliləyişlər
olsa da, sülhə nail olmaq yolunda danışıqları uzatmaq Ermənistan tərəfinin hər
zamankı strategiyasıdır.
Ermənistan rəsmi olaraq öz müstəqilliyini elan etsə də, heç
zaman tam suverenliyə nail ola bilməyib. Qonşu ölkənin torpaqlarını işğal edən
Ermənistan iqtisadi və hərbi baxımdan xaricdən asılılığa məhkum olub. Azərbaycanın
öz torpaqlarını işğaldan azad etməsi ilə Ermənistan üçün müstəqil olma imkanı
yaranıb, bunu baş nazir Nikol Paşinyan da çoxsaylı çıxışlarında etiraf edib.
Yeni yaranmış bu reallıqda Ermənistan keçmişdəki səhvlərini düzəltməli və
region ölkələri ilə əməkdaşlıq etməlidir.
Ermənistan tərəfi onlar üçün sözlərin vacibliyini
vurğulayır. Ancaq onlar unudur ki, ölkənin ali qanunvericilik aktı olan
konstitusiyada əksini tapan sözdən üstün nə ola bilər? Ermənistan
konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası əks olunub. Bir tərəfdən Ermənistan
rəsmiləri Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir, digər tərəfdən
bu bəyanat ölkənin konstitusiyası ilə ziddiyyət təşkil edir.
Bəziləri deyə bilər ki, sülh müqaviləsinin bəndində bu məsələyə
toxunulacaq, lakin Ermənistan hökumətinin özünün dediyi kimi, heç bir xarici
müqavilə konstitusiyadan üstün deyil. Bunun bariz nümunəsi kimi Ermənistan və
Türkiyə arasında imzalanmış və Qərb ölkələri tərəfindən dəstəklənmiş Sürix
protokolunun daha sonra Ermənistan konstitusiya məhkəməsi tərəfindən rədd edildiyini
göstərə bilərik” .
Beləliklə, Ermənistan tərəfi xarici publikaya oynamaq əvəzinə,
uzunmüddətli və davamlı sülh yolunda real maneələri aradan qaldırmağa diqqət
etsə, daha faydalı olar deyə səfir məqaləsində bildirib.