Bakıda 315 nömrəli tam orta məktəbdə 8-ci sinif şagirdinə qarşı müəllim tərəfindən qeyri-etik davranış göstərildiyi ilə bağlı iddia gündəmə gəlmişdi. Valideynin sözlərinə görə, şagirdin dərs zamanı saqqız çeynəməsi səbəbilə müəllim onunla sərt rəftar edib və bu, ictimai müzakirələrə səbəb olub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi News365.az-a məsələ ilə bağlı açıqlama verib.
Qurumdan bildirilib ki, valideynin hüquq-mühafizə orqanlarına müraciəti əsasında aparılmış araşdırmanın nəticəsinə görə, irəli sürülən iddia əsassız hesab edilib və bununla bağlı rəsmi qərar qəbul olunub.
Eyni zamanda məktəbdaxili araşdırma da aparılıb və müəllim, valideyn və şagirdə müvafiq tövsiyələr verilib. Qeyd olunub ki, Elm və Təhsil Nazirliyinin Uşaq Müdafiəsi İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən məsələ ilə bağlı əlavə araşdırmalar da davam etdirilir. Nazirliyin nümayəndələri məktəbdə olaraq şagird davranış qaydalarının icrasına nəzarətin gücləndirilməsi və təlim-tərbiyə prosesində uyğun olmayan halların qarşısının alınması üçün maarifləndirmə işlərinin genişləndirilməsi barədə tapşırıqlar veriblər.
Xatırladaq ki, dərs zamanı şagirdin saqqız çeynəməsi səbəbilə müəllim onu lövhəyə çağırdığı və çeynədiyi saqqızı başına yapışdırmasını tələb etdiyi bildirilir. (Xəzər TV) Valideynin iddiasına əsasən, şagird qorxu içində tələbi yerinə yetirib, daha sonra isə müəllim saqqızın kifayət qədər yapışmadığını deyərək vəziyyəti daha da ağırlaşdırıb və sinifdə digər şagirdlərin qarşısında onu alçaltmağa davam edib. Valideyn əlavə edib ki, hadisədən sonra uşağın saçının bir hissəsi kəsilib və şagird ciddi psixoloji travma alıb. Onun hazırda psixoloq nəzarətində olduğu bildirilir.