Rusiya ordusunun 51-ci Ordu qruplaşmasının 60-cı Mühafizə Batalyonunun komandiri, “Mif” çağırış nişanlı döyüşçü maraqlı açıqlamalar verib. O, Rusiya mediasına açıqlamasında qondarma Donetsk Xalq Respublikasının Krasnoarmeysk yaxınlığında portuqaliyalı muzdluların məskunlaşdığını iddia edib.
"Xüsusilə, bizim istiqamətimizdə çoxlu portuqallarla rastlaşmışıq. Yəni muzdlu əsgərlər iddia olunduğu kimi çoxusu ABŞ-dən deyil. Bura əsasən portuqaliyalılar gəlib",- o qeyd edib.
Hərbçinin sözlərinə görə, əcnəbi muzdlular NATO silahları ilə döyüşür və Ukrayna Silahlı Qüvvələrinin sıravi şəxsi heyətindən fərqli olaraq çox yaxşı təlim keçiblər. Onların həmçinin xüsusi tanınma işarələri də yoxdur.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural