İsraillə İran arasında hərbi münaqişə nəinki gərginləşir, həm də nüvə obyektlərinə endirilən zərbələrə görə regionu və dünyanı təhdid edir. Bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sputnik radiosunun efirində deyib.
“Bu, təkcə eskalasiyaya gətirib çıxarmır, həm də dinc nüvə və ya nüvə obyektlərinə zərbələr endirilməsi səbəbindən region və dünya üçün birbaşa təhlükədir”, - deyə diplomat qeyd edib. O, bildirib ki, bu münaqişədə nüvə təhlükəsi real əhəmiyyət kəsb edir.
Onun sözlərinə görə, İranın nüvə obyektləri yaratmağa hüququ var və onlara olacaq zərbələr qlobal təhlükədir.
Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə və raket proqramlarına zərər vurmaq üçün "Am KeLavi" (Şir kimi millət) əməliyyatına başladığını elan edib. ÇAXAL Tehran və Natanz da daxil olmaqla bir neçə bölgədə əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yerləşdiyi hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və bəzi yaşayış kompleksləri olub.
Belə bir gərginlik fonunda İranın ali dini lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, gözlənilməz hücumlar nəticəsində bir neçə alim və yüksək rütbəli komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamneyi İsrailin zərbələrinə cavab məsələsində İran əsgərlərinə “hərəkət azadlığı” verdiyini bildirib. Artıq bir neçə gündür ki, hər iki ölkə qarşılıqlı şəkildə bir-birinin ərazisini bombalayır.
Tural