Könlümü dindirən qanadsız mələk,
Səsinlə titrəyər məndə bu ürək.
Gecəmi bitirib aydın edərək,
Sabaha ən şirin xəbərim olsan.
Səsində məlahət ruhumu oxşar,
Məhəbbət şeirim səninlə coşar.
Bu şair eşqinə qəzəllər qoşar,
Şeir tək sözümdə əzbərim olsan.
Qəlbim üsyan edir sənin eşqinlə,
Gözlərin sevdirir mənə təlqinlə.
Ən şirin sözlərlə, gözəl nitqinlə,
Bu dəli könlümdə rəhbərim olsan.
Sevgilər olubdur dillər əzbəri,
Tarixə iz qoyub o vaxtdan bəri.
Müşfiqin də olub nazlı Dilbəri,
Nə olar, sən mənim dilbərim olsan?