"Rusiya danışıqlar üçün Türkiyəni seçməklə önəmli siyasi mesaj verdi"
Bunu politoloq Əlimusa İbrahimov News365.az-a açıqlamasında bildirib ki, Rusiya ilə ABŞ arasında vasitəçilik səyləri çərçivəsində Türkiyə mühüm diplomatik rol oynayır.
Onun sözlərinə görə, müxtəlif ölkələr – o cümlədən Roma və digər Avropa dövlətləri – danışıqların keçirilməsi üçün namizəd kimi təqdim olunsa da, Rusiya bu təkliflərin heç birini qəbul etməyib və İstanbulda görüşə razılıq verib:
“Bu, artıq müsbət nəticədir. Rusiya rəhbərliyinin növbəti danışıqlar mərhələsinin məhz Türkiyədə keçirilməsinə razı olması, Ankaranın balanslı və etibarlı tərəf olduğunu göstərir”, – deyə politoloq vurğulayıb.
Ə. İbrahimovun sözlərinə görə, Türkiyənin xarici işlər naziri Hakan Fidanın Rusiyaya səfəri də bu prosesin bir hissəsidir. O qeyd edib ki, Hakan Fidanın Moskva və Ukraynaya ardıcıl səfərlərinin məqsədi tərəflərin mövqeyini öyrənmək və diplomatik təşəbbüslər üçün zəmin formalaşdırmaqdır.
“Hakan Fidan öz bəyanatında da bildirdi ki, biz tərəflərin nə düşündüyünü bilməliyik ki, gələcəkdə praktiki addımlar ata bilək. Bu, Türkiyənin vasitəçi mövqeyini gücləndirir”, – deyə politoloq bildirib.
Əlimusa İbrahimov əlavə edib ki, Rusiya tərəfinin mövqeyi zaman-zaman dəyişə və yeni şərtlərlə müşayiət oluna bilər. Hakan Fidanın danışıqlar prosesi çərçivəsində Moskvadan aldığı mesajlar isə bu mövqelərdə hansı güzəştlərə hazır olunduğunu müəyyənləşdirməyə imkan verir"