Türkiyənin Radio və Televiziya Ali Şurası (RTÜK) bir sıra televiziya kanalları və rəqəmsal platformalara cərimə tətbiq edib.
News365.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, RTÜK-ün qərarına əsasən, “Halk TV”, “SZC TV”, “Kanal D”, “NOW TV”, həmçinin “Amazon Prime Video”, “Netflix” və “HBO Max” “yoğun şiddət” məzmununa görə inzibati cərimə ilə cəzalandırılıb.
Bundan əlavə, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı tərəfindən bəyənildiyi bildirilən “Yeraltı” serialının 6 bölümünə də cərimə kəsilib.
RTÜK-ün açıqlamasına görə, şiddət səhnələrinin geniş yer aldığı və uşaqları, gəncləri zorakılığa və cinayətə təşviq etdiyi hesab edilən layihələrə qarşı tədbir görülüb.
Qurumun iclasında “Yeraltı” və “Eşref Rüya” serialları ilə yanaşı, üç rəqəmsal platformadakı film və seriallar da şiddəti təşviq etdikləri əsas gətirilərək cəzalandırılıb.
Qeyd edək ki, bir neçə ay öncə MHP sədri Dövlət Baxçalı “NOW TV”də yayımlanan “Yeraltı” serialında “Bozo” obrazını canlandıran Uraz Kaygılaroğluna zəng edib serialın uğurlu yayımından və türkiyəli gəncləri pis vərdişlərdən uzaq tutmağı hədəfləyən nümunəvi ssenarisindən məmnun olduğunu bildirmişdi. Eyni zamanda, “Bozo”ya bozqurd rəsmini hədiyyə etmişdi.
Xatırladaq ki, Kahramanmaraşda məktəblərin birində baş verən silahlı insidentdən sonra Türkiyənin məşhur serialları - “Yeraltı”, “Eşref Rüya”, “A.B.İ” və “Taşacaq Bu Deniz”in ssenarilərinin dəyişəcəyi ilə bağlı məlumat yayılmışdı.