Rusiyanın Humanitar Missiya təhlükəsi - TƏHLİL

Rusiyanın Humanitar Missiya təhlükəsi - TƏHLİL
01 Avq 2025 09:43

Ermənistan mətbuatında yayılan xəbərlərdən aydın olur ki, Rusiya bu ölkədə öz aktivliyini artırmaq istiqamətində sistemli işləməyə davam edir. Son xəbərə görə Rusiya Humanitar Missiyası adlı təşkilat bu ölkəyə 140 ton humanitar yardım göndərib. Bu yardım, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etdikdən sonra Qarabağı könüllü tərk edərək Ermənistana köçən şəxslərə paylanacaq.

Rusiyada 2010-cu ildə Evgeniy Primakov tərəfindən təsis edilən bu təşkilat Rusiya hökuməti, ordusu və digər qurumlarla sıx əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. Maliyyələşmə mənbəyi kimi ianələr göstərilsə də, açıq mənbələr təşkilatın hökumətə və hökumətə yaxın strukturlara bağlı olduğunu qeyd edir. 2010-cu ildə fəaliyyətə başlayan bu missiya ilk dəfə Qafqaz regionuna 2020-ci il 9 noyabr tarixli üçtərəfli bəyanatdan sonra daxil oldu. Rusiya sülh missiyasına etimad yaratmaq üçün təşkilat 2020–2023-cü illərdə Xankəndində müəyyən layihələr həyata keçirdib.

Hal-hazırda isə yenidən siyasi dairələrdən alınan tapşırıqlar əsasında bu təşkilat Ermənistan ərazisində aktivləşməyə başlayıb. Yayılmış məlumatda qeyd edilir ki, 140 ton humanitar yardımın əsas hədəfi Qarabağdan Ermənistana köçmüş şəxslərdir. Son zamanlar Ermənistan daxilində baş verən proseslər göstərir ki, bu qrup Ermənilər müəyyən siyasi məqsədlərə nail olmaq üçün alət kimi istifadə olunur.

Formal olaraq missiyanın əsas məqsədi Ermənistana humanitar yardım çatdırmaq olsa da, real məqsədlərin geosiyasi və strateji xarakter daşıdığı aydın görünür. Missiyanın humanitar aksiyaları Moskvanın əsas hədəfi Qarabağdan könüllü şəkildə Ermənistana köçmüş erməni əhali arasında loyal qruplar formalaşdırmaqdır. Beləliklə, missiyanın məqsədi humanitar deyil, geostratejidir.

Özünə borclu kütlələr yaradaraq cəmi 8 ay sonra keçiriləcək parlament seçkilərinin gedişinə və nəticəsinə təsir etmək niyyətinə xidmət edir. Bu kütlələr seçki öncəsi aksiyalara cəlb olunaraq müxalifətin kifayət qədər böyük elektorata sahib olduğu təəssüratını yaradacaqlar. Seçkilərdən sonra isə onlar nəticələrin dəyişdirilməsi üçün ixtişaşlar təşkil edə bilərlər. Beləliklə, 1990–2020-ci illər ərzində regionda gərginlik müxtəlif kalibrli patronlarla yaradılırdısa, bu dəfə eyni məqsəd müxtəlif kalibrli qreçka, qarğıdalı, düyü və konservlərlə həyata keçirilir. Format dəyişsə də, məqsəd eynidir.

Eyni zamanda bu humanitar missiyaların digər məqsədi Ermənistan-Azərbaycan arasında vasitəçilərsiz aparılan danışıqları sabotaj etmək, sülh müqaviləsinin imzalanmasına mane olmaqla əslində Zəngəzur dəhlizinin Rusiyanın nəzarətindən kənar açılmasının qarşısını almaqdır. Rusiyada yaxşı anlayırlar ki, onlarsız əldə olunan hər bir uğurlu nəticə Moskvanın regiondan sıxışdırılıb çıxarılmasına gətirib çıxarar və yeni bir mənzərə formalaşdırır ki, bunu qəbul etmək istəmirlər.

Ona görə də bu humanitar yardım paketləri vasitəsilə sülh prosesinə təsir etmək, mümkün olarsa sabotaj etmək, mümkün deyilsə ən azından müddəti uzatmaq məqsədi daşıyır. Beləliklə, Rusiya humanitar yardım paketləri əslində içi sirli matryoşkadır və bu matryoşka Paşinyan və komandasına təzyiq vasitəsi olacaq.Yəni, Rusiyanın Ermənistana göndərdiyi 140 ton humanitar yardım paketləri əslində “humanitar mina”dır və məqsədi daxili sabitliyi pozmaqdır.

Aqil Məmmədov, ekspert


Sizin reklam burada
Sizin reklam burada