Qusar rayonunun Hiloba kəndində yüzlərlə sakin illərdir ki, içməli su problemi ilə üz-üzədir. Kənddə su xətti olsa da, həmin su içməyə tamamilə yararsızdır. Sakinlər bu suyu həm zibil qarışıq, həm də pis qoxulu olduğunu desələr də, başqa seçimləri olmadığı üçün onu istifadə etmək məcburiyyətindədirlər. Problemin aradan qaldırılması üçün dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, heç bir nəticə əldə olunmayıb.
Bir kənd sakini bildirir ki, su problemi çoxdandır, 50-60 ildir davam edir. Qışda aylarla arxlara su gəlmir. Gələndə də zir-zibil yığıb gətirir.
Başqa bir sakin isə suyun vəziyyətini belə təsvir edir:
“Su çirkli, bulanıq, üfunət iyi verir. Samur çayından gəlir. Deyilənə görə, yuxarıda kənd var, hamam suları da ora axıdılır.”
2015-ci ildə kəndə subartezian quyusu qazılsa da, həmin quyudan gələn su da içməyə yararsızdır.
“Palçıqlıdır, artezianın suyu da içməli deyil, iy verir,” – deyə sakinlərdən biri bildirir.
“Elə bil şor sudur. Ancaq ağac sulamaq üçün yarayır. İçmək üçün qətiyyən istifadə etmək olmaz.”
Kənddə əvvəllər tikilmiş su anbarı da vəziyyəti yaxşılaşdırmayıb. Həyətlərdəki kranlara gələn su arxdan gələn su ilə eynidir.
“Buyurun baxın, 60 tonluq anbardan gələn sudur. Arxdan necə gəlirsə, elə kəndə ötürülür. Üstü də bərbad vəziyyətdədir,” – deyə bir sakin şikayətlənir.
“Krant suyumuz arx suyudur. Necə gəlir, elə də içirik,” – deyə başqa bir sakin əlavə edir.
Kənd icra nümayəndəsi Akif Ağakərimov məsələ ilə bağlı bildirir:
“İçməli su problemi boru xətlərinin dəyişdirilməsi ilə həll olunmalıdır. Hazırda istifadə olunan borular əvəzlənəcək və 600 metrlik iri diametrli borularla təmin olunacaq. Hazırkı su təmizlənmədiyi üçün kranlara bulanıq şəkildə gəlir. Yeni borular çəkiləndə su da təmizlənəcək.”
O, həmçinin qeyd edib ki, kəndə yenidən artezian quyusunun qazılması üçün aidiyyəti qurumlara müraciət ediləcək.
Bəs görəsən, illərlə təmiz suya həsrət qalan Hiloba sakinlərinin bu sınağı nə vaxt sona çatacaq?
Vəfa Vəliyeva, News365.az